AZ

Toral Bayramov: "Bakıda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq"

"Şkendiya" ilə matçda oyun planında kənara çıxmadıq".

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Toral Bayramov Şimali Makedoniyada "Şkendiya"ya qarşı keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Futbolçu matçın çətin keçdiyini vurğulayıb:

“Ağır oyun olacağını bilirdik. Bizim üçün çox çətin bir səfər idi. Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib çox mübariz komandadır və sona qədər mübarizə apardılar. Həftə ərzində üzərində çalışdığımız oyun planından kənara çıxmadıq. Daha çox qol vura bilərdik, amma təəssüf ki, oyunu 1:0 hesabı ilə başa vurduq. Bakıda bu fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq".

Bayramov meydan sahiblərinin azarkeş dəstəyinin onlara problem yaratmadığını bildirib:

“Əlbəttə, azarkeş dəstəyinin bu şəkildə olacağını gözləyirdik. Amma bu bizim üçün problem deyil. Çünki biz daha çox sayda azarkeş qarşısında da oynamışıq. Düşünürəm ki, bu, bizə təsir etmir".

Sonda Toral Bayramov mümkün növbəti mərhələ rəqibləri ilə bağlı fikirlərini Bakıdakı cavab görüşündən sonraya saxladığını qeyd edib:

“Potensial rəqiblərlə bağlı fikirlərimi, inşallah, Bakıdakı oyundan sonra bildirərəm. Hələlik qarşımızda cavab qarşılaşması var".

Seçilən
12
operativmedia.az

1Mənbələr