Belarusun energetika naziri Denis Moroz ölkənin Özbəkistanda Atom Elektrik Stansiyasının (AES) tikintisində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, nazir bu barədə Minskdə “Uzatom” agentliyinin direktoru Əzim Əhmədxacayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Morozun sözlərinə görə, Belarus tərəfinin iştirakı Daşkəndin maraqlı olduğu halda mümkündür. Danışıqlarda kadr hazırlığı, infrastruktur, tullantıların idarə edilməsi və zavodun Özbəkistanın enerji sisteminə inteqrasiyası məsələləri müzakirə olunub. Nazir, Belarusun dinc nüvə enerjisi sahəsində təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, “Uzatom”un nümayəndə heyəti Özbəkistan prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə Belarusun nüvə stansiyalarının tikintisi və istismarı sahəsində təcrübəsini ətraflı öyrənmək üçün Minskə gəlib.
Moroz xatırladıb ki, 2023-cü ildə Belarusda 2400 MVt gücündə AES istifadəyə verilib ki, bu gün bu ölkədə istehsal olunan bütün elektrik enerjisinin təxminən 40 faizini təşkil edir.
O, Belarus layihəsində iştirak edən şirkətlərə “Rosatom”un xarici layihələrində işin artıq həvalə edildiyini deyərək, onların Özbəkistanda da faydalı olacağını bildirib.
Özbəkistanda ilk AES-in tikintisini Rusiyanın “Rosatom” dövlət korporasiyası həyata keçirir. Elektrik stansiyasının layihələndirilməsi və tikintisi üzrə müqavilə 2024-cü ilin mayında imzalanıb. Obyektə hər biri 55 MVt gücündə altı reaktor daxil olacaq və Cizzax vilayətinin Fəriş rayonunda yerləşəcək.