Bakı, 6 avqust, AZƏRTAC
2025-ci il avqustun 20-dən qüvvəyə minəcək “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” ilə bağlı sahibkarların maarifləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri görüş iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusilə kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə, sözügedən məhsulların istehsalına dair xüsusi tələblər izah edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.
Sahibkarların nəzərinə çatdırılıb ki, həmin Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək.
Görüş zamanı sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflərlə bağlı müvafiq dəstəyin göstərilməsi üçün AQTA-nın aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.