Naxçıvan, 6 avqust, AZƏRTAC
Bu gün biz Naxçıvandayıq və Mömünə xatun türbəsinin bərpası üçün ilkin addımlar atılır. Bərpa prosesinə başlamazdan əvvəl ən vacib məsələ lazımi infrastrukturun yaradılmasıdır. Çünki restavrasiya işlərinin keyfiyyətlə reallaşdırılması üçün bərpaçılar hər cür şəraitlə təmin olunmalıdır. Biz də bu məqsədlə tədbirlər görürük.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Möminə xatun türbəsinin bərpasını həyata keçirəcək Avstriyanın “Atelier Erich Pummer GMBh” bərpa şirkətinin meneceri Çingiz Neymanzadə söyləyib.
O qeyd edib ki, əvvəlcə hasarlanma işləri həyata keçiriləcək, sonra isə lazımi komminikasiya xətləri çəkiləcək: “Bu iş prosesi yəqin ki, bir-iki həftə çəkəcək. Daha sonra ilk texniki addımlar atılacaq. Məlum olduğu üzrə müxtəlif dövrlərdə yağıntıların miqdarından asılı olaraq türbənin yerləşdiyi əraziyə qurunt suları toplaşıb. Bu səbəbdən də tərəfimizdən müxtəlif araşdırmalar aparılaraq həmin su hövzələrinin yerləri təyin olunacaq. Bu proseslərdən sonra bərpa işlərinə başlanılacaq”.