Fransanın Azərbaycandakı elçisinin Şuşa ziyarətindən sonra geri çağırılmasında ermənilərin müraciətinin rolu varmı?
Fransanın Azərbaycandakı səfiri Ann Buayonun yaxın müddətdə səlahiyyət müddəti başa çatacaq. Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, səfirin Azərbaycanı tərk edəcəyi tarix hələlik müəyyən edilməyib. “Onun yerinə təklif edilən şəxsin kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə təqdim olunub”. Ann Buayon 2023-cü il yanvarın 26-da etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmişdi.Yada salaq ki, Fransa səfirinin Şuşaya getməsi separatçıların həşir qoparmasına səbəb olub. Hətta ləğv edilmiş qondarma “artsax”ın Fransadakı “daimi nümayəndəsi” Hovannis Gevorgyan prezident Emmanuel Makrona qəzəbli məktub göndərib. Fransanın Azərbaycandakı səfiri Ann Buayon iyun ayında Qarabağda olub. Fransa səfiri yeganə diplomat idi ki, azad olunmuş ərazilərə səfər etmirdi. O vaxtı belə bir məlumat vardı ki, Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Fransa səfiri Ann Buayon çağırılmasa da, səfərə öz təşəbbüsü ilə qoşulubmuş. Xanım səfirin Şuşada verdiyi açıqlamalar da maraqla qarşılanmışdı. Onun “Şuşa Azərbaycan mədəniyyətini başa düşməyə, anlamağa imkan verən bir şəhərdir”, sözləri Qarabağın tarixi Azərbaycan torpaqları olmasının növbəti təsdiqi kimi qəbul edilmişdi. Səfirin “səlahiyyət müddətinin başa çatması səbəbi ilə” geri çağırılması Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi ilə eyni vaxta təsadüf edir. Qətnamə layihəsində rəsmi Paris və Avropa İttifaqı Azərbaycan üzərinə təzyiqi artırmağa çağırış edilir. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir. Qətnamə layihəsində qeyd olunur ki, Fransa - Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi - regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır. Qətnamə layihəsində Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin (əslində terrorçuların - red.) dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Sənəddə Azərbaycan dövləti ilə bağlı əsassız iftira da irəli sürülüb. Onu da demək yerinə düşər ki, Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda sərgilədiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurub. Azərbaycanın bu prosesdə prinsipial və ədalətli mövqe tutması, müstəmləkəçilikdən uzaq olmayan Fransa rəhbərliyini qıcıqlandıran əsas faktorlardan biridir. Qətnamənin məzmununa gəldikdə isə onun beynəlxalq hüququn fundamental prinsiplərinə tamamilə zidd olduğu tamamilə aydındır. Burada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq kimi əsas beynəlxalq hüquq prinsipləri kobud şəkildə pozulur. Üstəlik, illərlə Azərbaycan ərazisində separatçı fəaliyyətlərlə məşğul olmuş, qanunsuz qurumları dəstəkləmiş dairələr bu dəfə də eyni tezislərlə çıxış edirlər.
Xatırladaq ki, Fransa ötən ilin aprelində Azərbaycandakı səfirini geri çağırıb. Paris bunun “Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi” ilə bağlı olduğunu iddia etmişdi.