Son illərdə Azərbaycan futbolunda idman prinsiplərinin bərpa olmasının ardından Premyer Liqa ilə yanaşı, I Liqaya da maraq xeyli artırıb. Çempionun birbaşa elitaya yüsəlməsi, eləcə də sonuncu yeri tutanın turniri tərk etməsi komandalar arasında rəqabəti gücləndirib.
Premyer Liqa oyunları televiziya vasitəsi ilə canlı yayımlansa da, I Liqa görüşləri təəssüf ki, TV-lərdə göstərilmir. Bu çempionatın oyunları Peşəkar Futbol Liqasının yutub kanalı vasitəsilə canlı yayımlanır.
PFL-in məhdud imkanlarla bu addımı atması təqdirəlayiqdir. Ancaq Azərbaycan I Liqasının yalnız yutub üzərindən yayımlanması kifayət etməməlidir.
Azarkeşlərin və ictimiayyətin yaxından izlədiyi bu çempionatın televiziya vasitəsilə də yayımlanması lazımdır. Nəzərə alaq ki, turnirdə kifayət qədər bölgə klubları mübarizə aparır və onların yetiərincə azarkeş kütləsi var.
Mövzu ilə bağlı Azərbaycanda fəaliyyət göstərən iki idman kanalı – “CBC Sport” və “İdman TV”yə müraciət etdik. Hər iki tərəfin cavabı da ürəkaçan olmadı:
Siyavuş Əliyev (İdman TV): “Hələlik bu barədə hər hansı bi rməlumat yoxdur. Əgər nəsə yenilik olsa, bu barədə rəsmi açıqlama verəcəyik. Növbəti mövsüm üçün yalnız İspaniya La Liqasını yayımlayacağımız dəqiqdir”.
Şəmsəddin Abbasov (CBC Sport): “Nəzərə alaq ki, Premyer Liqada komanda sayı artıb. Bu da oyunların sayının artması deməkdir. Bizim öncəliyimiz Premyer Liqa oyunlarını tam şəkildə azarkeşlərə çatdırmaqdır. Ancaq I Liqaya da diqqət ayırmağa çalışırıq. Maraqlı görüşlərin yayımını təşkil edə bilərik. Ancaq bu çempionatın oyunlarını mütəmadi olaraq yayımlamağımız gündəmimizdə yoxdur”.
Həsən Quluzadə