AZ

ASELSAN şirkəti cari ilin ilk yarısı üzrə maliyyə nəticələrini açıqlayıb

ASELSAN şirkəti uzunmüddətli hədəflərinə çatmaq məqsədilə 2024-cü ilin əvvəlində tətbiq etməyə başladığı aselsaneXt proqramının müsbət nəticələrini 2025-ci ilin ikinci rübündə də toplamağa davam edib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, 2025-ci ilin ilk altı ayında əldə edilən gəlir ötən ilin eyni dövrü ilə müqayisədə real olaraq 11.3% artaraq 53.7 milyard TL-ə çatıb.

Sözügedən dövrdə əldə olunan gəlirdə hava hücumundan müdafiə, elektron müharibə, elektro-optik, radar, avionika, təhlükəsizlik və silah sistemləri ilə bağlı çatdırılmaların əhəmiyyətli payı olub.

Əməliyyat effektivliyini fəaliyyətlərinin mərkəzinə qoyan ASELSAN-ın həmin dövrdəki EBITDA (faiz, amortizasiya və vergidən əvvəlki mənfəət) marjası ötən ilin eyni dövrü ilə müqayisədə 100 baza bəndi artaraq 25% səviyyəsində reallaşıb. Şirkətin fəaliyyətdən əldə etdiyi EBITDA məbləği isə əvvəlki dövrlə müqayisədə real olaraq 15% artaraq 13.5 milyard TL səviyyəsinə çatıb. Alınan işlər/satışlar nisbətini iki il ardıcıl olaraq iki səviyyəsində saxlamağı bacaran ASELSAN bu sahədə əldə etdiyi dinamikanı 2025-ci ilin ilk yarısında da davam etdirərək, sənaye ortalamasının üzərindəki mövqeyini qoruyub.

Aparılan tədqiqat-inkişaf (Tə-İn) layihələrinin sayına görə Türkiyədə lider olan ASELSAN-ın bu dövrdə Tə-İn xərcləri ötən illə müqayisədə 42% artaraq 572 milyon ABŞ dolları səviyyəsində olub. Bundan əlavə, kütləvi istehsal infrastrukturunun gücləndirilməsi məqsədilə ASELSAN-ın investisiya xərcləri də ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 100 milyon ABŞ dollarından çox olub.

Şirkətin 2024-cü ilin ilk 6 ayında maliyyə borclarının aktivlərdəki payı 14.5% olduğu halda bu dövrdə 12.7%-ə düşüb. Kommersiya borcları 2024-cü ilin sonuna görə 21% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə xalis borcda 38% azalma müşahidə olunub. Beləliklə, ASELSAN-ın 2024-cü ilin ilk yarısında 1.21 olan xalis borc/EBITDA nisbəti bu dövrdə 0.57 səviyyəsində reallaşıb. Şirkət bu göstərici ilə sənaye ortalamasından aşağı olan mövqeyini qoruyub saxlayıb.

Tə-İn və kütləvi istehsal istiqamətində investisiya xərclərinin fasiləsiz davam etdiyi, kommersiya borclarının azaldığı ilin ilk 6 ayında nağd pul axınındakı yaxşılaşma sürətlənib.

ASELSAN-ın 2025-ci ilin ilk yarısında əməliyyat fəaliyyətlərindən yaranan nağd pul axını (OCF) 13.635 milyon TL, sərbəst nağd pul axını (FCF) isə 816 milyon TL səviyyəsində pozitiv olaraq həyata keçib.

Dövriyyəsini, balansdakı sifariş məbləğini, imzaladığı ixrac müqavilələrini, mənfəətliliyini və digər bir çox maliyyə göstəricilərini yaxşılaşdıran ASELSAN 2025-ci ilin ilk yarısını güclü nəticələrlə başa vurub.

ASELSAN-ın baş direktoru Ahmet Akyol, 2025-ci ilin 6 aylıq maliyyə nəticələrini dəyərləndirib. O bildirib ki, şirkətin 2024-cü ildə tətbiq etməyə başladığı aselsaneXt proqramı ilə maliyyə baxımından güclü bir impuls əldə edilib: “İkinci rüb nəticələrimiz bu impulsu 2025-ci ilin ilk yarısında da davam etdirdiyimizi bir daha təsdiqlədi.

Real əsasda 11%-dən çox artırdığımız dövriyyəmiz, 1.3 milyard dolları ixrac olmaqla ümumilikdə 2.8 milyard dollarlıq yeni müqavilə həcmi ASELSAN-ın maliyyə baxımından nə qədər möhkəm təməllərə söykəndiyini ortaya qoydu. Balans sifarişimizin 30% artımla 16 milyard dollara çatması, şirkətimizin sabit və güclü böyüməsini davam etdirəcəyini göstərir”.

Onun sözlərinə görə, EBITDA marjası 25%-ə yüksəldikdə xalis borc/EBITDA nisbətini 0.57 səviyyəsinə endirərək, şirkətin həm mənfəətliliyi, həm də maliyyə sağlamlığı gücləndirilib. Bu uğurda üç əsas amil önə çıxır:

Yüksək texnologiyalı məhsullara fokuslanma və sürətli məhsul çıxarılması

Effektivliyin artırılması

Milliləşdirmə fəaliyyəti.

“Yeni məhsullardan əldə etdiyimiz gəlirləri artırırıq. Məsələn, bu ilin ilk 6 ayında 8 yeni məhsulu ilk dəfə inventara daxil etdik. Süni İntellektin proseslərimizə inteqrasiyası ilə illik 25 milyon dollar qənaət əldə etdik. İşçi sayımızdakı əhəmiyyətli artıma baxmayaraq, adam başına dövriyyəmizi 1.6% yaxşılaşdırdıq. Tədarükçülərimizlə birlikdə milliləşdirdiyimiz məhsullara verdiyimiz sifarişlərlə də əhəmiyyətli bir xərc üstünlüyü yaratdıq.

Xüsusilə qeyd etmək istərdim: Tə-İn xərclərimizi 42%, kütləvi istehsalla bağlı investisiyaları isə 100% artırdığımız, xalis borcumuzu isə azaltdığımız bir dövrdə, həm əməliyyat fəaliyyətlərindən əldə olunan nağd pul axınındakı, həm də sərbəst nağd pul axınındakı müsbət nəticə əhatəli proqramın uğurlu nəticələridir. Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul dövriyyəsində yaşanan 70 günlük yaxşılaşma, nağd idarəçiliyindəki irəliləyişin başqa bir göstəricisidir. Bu uğurlar ASELSAN-ın təkcə bu günü deyil, gələcəyi də maliyyələşdirəcək gücə və intizama sahib olduğunu göstərir”, – deyə baş direktor vurğulayıb.

A.Akyol qeyd edib ki, 2025-ci ilin ilk yarısı ASELSAN üçün təkcə maliyyə göstəriciləri baxımından deyil, strateji addımlar baxımından da çox məhsuldar keçib: “İştirak etdiyimiz IDEF sərgisində yüksək texnologiyalı və yüksək əlavə dəyərə malik 10 yeni məhsulumuzu ilk dəfə nümayiş etdirdik. Xüsusilə ÇELİK KUBBE-nin kritik komponentlərindən biri olacaq göydəki elektromaqnit qalxanımız EJDERHA, “yer-yer” zərbə qabiliyyətlərinə yeni nəfəs gətirəcək GÖKTAN, sahəsində dünyanın ən yaxşısı olan ASELFLIR-600 kimi sistemlərimiz beynəlxalq ziyarətçilərin də böyük marağına səbəb oldu.

Texnologiyadakı bacarığımız, maliyyə performansımız və dünyadakı son hadisələrin də təsiri ilə bu uğurlu performans ortaya çıxdı. ASELSAN-ın Borsa İstanbul-dakı dəyəri də bu uğurları təsdiqləyən xarakter daşıyır. 2025-ci il ərzində ASELSAN, Borsa İstanbul-un ən dəyərli şirkəti mövqeyinə yüksəldi. Hal-hazırda bazar dəyərimiz 21 milyard dolları aşmışdır. Bu inkişaf, investorlarımızın şirkətimizə olan inamının və uzunmüddətli potensialımıza duyulan inamın konkret göstəricisidir.

İlin ikinci yarısında da eyni qətiyyətlə irəliləməyə davam edəcəyik. Tə-İn və investisiyalarımızı davam etdirəcəyik. Xüsusilə hava hücumundan müdafiə, radar, ağıllı sursat, tuşlama sistemləri və elektro-optik kimi kritik sahələrdə kütləvi istehsal gücümüzü artıracağıq. İxrac yönümlü böyümə strategiyamızla yeni bazarlara açılacağıq. Qlobal miqyasda artan təhlükəsizlik ehtiyacı və geosiyasi inkişaflar müdafiə sektorunun daha sürətli böyüyəcəyi bir mühit yaradır. Mühəndislik gücümüz və strateji baxışımızla bu inkişafları doğru analiz edərək, gələcəyin müharibə mühitində fərq yaradacaq texnologiyalarımızla həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü və sabit şəkildə böyüməyə davam edəcəyik”.

Həm ölkə daxilində, həm də ölkə xaricində ASELSAN məhsullarına olan yüksək maraq 2025-ci ilin ilk yarısında da davam edib. Qlobal bir şirkət olma yolunda inamla irəliləyən ASELSAN-ın imzaladığı yeni müqavilələr ötən ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 2.8 milyard ABŞ dolları səviyyəsində reallaşıb. Yeni müqavilələrin 1.3 milyard ABŞ dolları olan hissəsi (45%-i) birbaşa və dolayı ixrac müqavilələrindən ibarət olub. ASELSAN-ın balans sifarişləri 2025-ci ilin ilk yarısında 16 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bütün bu sahələrdə ASELSAN tarixindəki ən yüksək səviyyələr müşahidə olunub.

İmzalanan əhəmiyyətli müqavilələr:

2025-ci ilin 1-ci rübü:

Beynəlxalq bir müştəri ilə hərbi rabitə sistemlərinin ixracına dair müqavilə;

Beynəlxalq bir müştəri ilə dəniz platformalarına dair radar, silah, hava hücumundan müdafiə və məlumat bağlantısı sistemlərinin ixracına dair müqavilə;

Beynəlxalq bir müştəri ilə hava elektro-optik faydalı yüklərin ixracına dair müqavilə;

Beynəlxalq müştərilərin istifadəsinə dair elektron müharibə, rabitə, radar, elektro-optik və uzaqdan idarə olunan silah sistemlərinin ixracına dair müqavilə;

Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə yeni nəsil radar sistemlərinin tədarükünə dair müqavilə;

Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə ictimai təhlükəsizlik rabitə sistemlərinin tədarükünə dair müqavilə;

TÜRASAŞ ilə dəmiryolu siqnalizasiya sistemlərinin tədarükünə dair müqavilə;

Ölkə daxilindəki bir müştəri ilə quru nəqliyyat vasitələri üçün faydalı yüklərin tədarükünə dair müqavilə.

2025-ci ilin 2-ci rübü:

Beynəlxalq bir müştəri ilə dəniz platformalarına üçün radar, silah, hava hücumundan müdafiə və məlumat bağlantısı sistemlərinin tədarükünə dair müqavilə;

Beynəlxalq bir müştəri ilə hərbi rabitə sistemlərinin tədarükünə dair müqavilə;

Beynəlxalq bir müştəri ilə tuşlama dəstləri və rabitə sistemlərinin tədarükünə dair müqavilə;

TÜRASAŞ ilə sürətli qatarlar üçün istifadə ediləcək alt sistemlərin tədarükünə dair müqavilə;

BMC şirkəti ilə quru nəqliyyat vasitələri üçün faydalı yüklərin tədarükünə dair müqavilə.

Seçilən
1
poliqon.az

1Mənbələr