
Heftelik.az xəbər verir ki, o, bu barədə sosial mediada paylaşım edib.
“Mənə maraqlıdır ki, necə olur, bütün müğənnilərin qiymətini hər kəs bilir. Aygün xanım, Röya, Aysun, Şəbnəm, Vəfa – bunlar toya neçəyə gedir, hamı bilir. İnfluenserlər də səhifələrində ictimaiyyətə açıq telefon nömrəsi qoyurlar və ora insanlar zəng edir. Hə, deyə bilərsiniz ki, orada yalan danışılıb, xalça yuma şirkətidir. Bəs nə etməlidirlər? Zəng edib deməli idilər ki, biz sizi APA-dan narahat edirik? Bu da nəyə gətirib çıxaracaqdı? Bəzi müğənnilər kimi başlayacaqdılar, vallah, ayda 30 gün toyda olsaq da, onun 26 günü havayıdır, dostlarımızın toyudur… Bu da vergidən yayınmaq üçündür”, – Tarix Əliyev vurğulayıb.
Aparıcı, həmçinin bəzi influenserlərin sosial media səhifələrində saxta izləyicilərdən və süni baxışlardan istifadə etdiyini bildirib:
“Onların şərhlərinə baxırsan, ərəb dilində və ya “very beautiful”, “very nice” kimi ingilis dilində yazılar olur. Yəni hamı bilir ki, şərh paketi, like paketi satılır, bir çoxu bunlardan alıb istifadə edir. İnfluenserlər öz storilərinə baxış sayını paylaşsınlar, camaat da görsün ki, doğrudan da orada 100 min, 200 min baxış var. Nə olsun, mən görmüşəm bir-iki nəfər paylaşır ki, guya 300 min, 500 min nəfər storisinə baxıb. Bunların hamısı yalandır, xaricdən alınan paketlərdir. Əgər influenserlər qəbul etdikləri pulun vergisini doğrudan da rəsmi qaydada ödəyirlərsə, nədən qorxurlar? Məncə, burada qorxulu heç nə yoxdur.”
Tarix Əliyev influenserlərin fəaliyyəti ilə bağlı narahatlığını ifadə edərək dövlət qurumlarına müraciət edib:
“Bəzi “dırnaqarası” xanım influenserlər, mənşəyi bilinməyən, ərindən boşanıb influenser olanlar və yaxud vaxtilə gecə həyatı yaşamış, sonra isə influenser olum, varlı ailələrin cavan oğlanlarını yoldan çıxarım, yaşlı kişiləri başdan çıxarım düşüncəsində olanlar araşdırılsın. Bu gün yalan – doğru milyonlarla izləyicisi olanlar nəzarətdə olmalıdır. Bu bilinməlidir ki, kimdirlər? Çünki bunlar sabah xaricdən bəzi qurumlar tərəfindən maliyyələşdirilə bilərlər, ölkədə gənclərə lazım olmayan məlumatlar ötürə bilərlər”.
Xatırladaq ki, bir gün əvvəl “APA TV” ölkədə fəaliyyət göstərən blogerlərin instaqramda reklam paylaşmaq üçün aldıqları məbləğlərlə bağlı süjet yayımlamışdı. Süjetdə qeyd olunan məbləğlər 1500-5000 manat arasında dəyişir.
Məlumata görə, Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva hekayə bölümündə reklam paylaşmaq üçün 2500 manat istəyir. Əgər reklam post şəklində olacaqsa, o zaman reklamverici 5000 manat ödəməlidir. Müğənni Aysun İsmayılovanın instaqram hesabında bu qiymətlər 1500-5000 manat olaraq dəyişir. Bloger cütlük Ülvi Nadiroğlu və Fatimə Əhmədova hekayədə paylaşılacaq reklam üçün 1000-1500 manat, post şəklində isə 3500 manat tələb edir. Digər bloger Asya Aslanovanın reklam üçün istədiyi məbləğ isə 1500-3500 manatdır.
Qiymətlər sosial media izləyicilərinin müzakirəsinə səbəb olub.