Revanşistlər sülh prosesinə zərbə vurmağa çalışır
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasından sonra regionda dayanıqlı sabitliyin təmin edilməsi imkanı yaranıb. Bundan əlavə, ötən ay liderlərin Əbu-Dabi şəhərində görüşü sülh prosesi ilə bağlı nikbinlik yaradır. Rəsmi İrəvan sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, bunun üçün məlum şərtləri yerinə yetirməyi unutmamalıdır. Amma görünən odur ki, erməni tərəfi yenə də spekulyasiya etməklə məşğuldur. Əgər belə olmasaydı, özünü sülh tərəfdarı kimi təqdim edən Ermənistan sazişi imzalamaq üçün praktiki addımlar atmaq əvəzinə, təxribat xarakterli məlumatlar yaymazdı.
Belə ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, guya avqustun 4-də saat 13:10 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Syunik rayonunun (Zəngəzur-red.) Verişen qəsəbəsindən 4500 metr şimal-şərqdə mövqelərarası avtomobil yollarında tikinti işləri aparan ekskavatoru atəşə tutub: “Xəsarət alanlar yoxdur. Biz Azərbaycan tərəfini atışma ilə bağlı araşdırma aparmağa və ictimaiyyətə izahat verməyə çağırırıq”. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, erməni tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin istiqamətdə atəş açılmayıb.
Ermənistanın dəyişməz “ənənəsi”
Məlumdur ki, martın 13-də rəsmi Bakı iki ölkə arasında sülh müqaviləsi üzrə bütün bəndlərin razılaşdırıldığını və layihə üzrə danışıqların başa çatdığını bəyan edib. Erməni tərəfi də bu faktı təsdiqləyib, hətta müqavilənin imzalanmasının vaxtını və yerini müəyyən etmək üçün danışıqlara hazır olduğunu iddia edib. Əslində isə bu, ənənəvi erməni hiyləgərliyindən başqa bir şey deyil. Çünki sülh üçün ümidlərin artdığı vaxtlarda erməni tərəfi həmişə təxribatlar törədib. Ermənistan bu dəfə də ənənəsinə “sadiq qalıb”. Belə ki, sazişin mətnin razılaşdırılmasında sonra erməni tərəfi davamlı olaraq şərti sərhəddə təxribatlar törədib. İndi isə guya, Azərbaycanın atəş açması barədə dezinformasiya yayır.
Manipulyasiya nəticəsiz qalacaq
Əslində, bütün bunlar erməni tərəfinin manipulyasından başqa bir şey deyil. Rəsmi İrəvan həm atəşkəs, həm konstitusiyada dəyişikliklər, həm də kommunikasiyaların açılması ilə bağlı qeyri-ciddi təkliflər və mülahizələr irəli sürür. 30 il Azərbaycana qarşı işğalçı siyasəti yürütmüş bir ölkənin hazırda özünü konstruktiv tərəf kimi təqdim etməyə çalışması absurddur.
Sual olunur, rəsmi İrəvan sülh müqaviləsini imzalamağa hazırdırsa, nə üçün şərti dövlət sərhəddi ilə bağlı təxribat xarakterli məlumatlar yayır? Əlbəttə, erməni tərəfi əvvəlki təcrübəyə əsasən faktiki sülhə maraqlı olmadığını nümayiş etdirir. Təsadüfi deyil ki, Ermənistan hakimiyyətinın xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, vaxtaşırı olaraq mediada Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşması barədə məlumat yayılır. Sülh sazişi ilə bağlı danışıqların yekunlaşmasından sonra Ermənistanda müharibəyə hazırlıqların getdiyini sübut edən digər faktlar da var. Belə ki, bir müddət əvvəl kütləvi informasiya vasitələri tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhəddəki erməni postlarında mühəndis-istehkam işləri həyata keçirməsi barədə video-görüntülər yayımlayıb. Yəqin, Ermənistan Müdafiə Nazirliyinin məlumatındakı ekskavator da şərti sərhəddə sözügüdən məqsədlər üçün istifadə olunur. Həmin texnika məhz ermənilər tərəfindən zədələnib və bunu ordumuzla əlaqələndirməyə çalışırlar.
Digər tərəfdən, bu hadisə Ermənistan ordusu daxilindəki revanşist qüvvələrin təxribatı da ola bilər. Həmin revanşistlər bu cür təxribatlarla tərəflər arasında sülh prosesini pozmağa cəhd edə bilərlər. Hələ İkinci Qarabağ müharibəsi başa çatandan bir müddət sonra Ermənistanın baş naziri Nikol Paşinyan da ordu daxilində revanşistlərin olduğunu etiraf etmişdi. Paşinyan o zaman Müdafiə Nazirliyinin baş qərargah rəisinin başçılq etdiyi çevriliş cəhdinin qarşısını ala bilsə də, ordunu revanşistlərdən tam təmizləyə bilməyib. Nəzərə alaq ki, bugünlərdə xarici mediada Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da görüşünün keçiriləcəyi barədə qeyri-rəsmi məlumat yayılıb. Mümkündür ki, Ermənistan ordusunun daxilindəki revanşist qüvvələr bu cür təxribatlarla sülh prosesinə əngəl törətsin.
Məsuliyyət Ermənistan hakimiyyətinin üzərindədir
Lakin bütün hallarda məsuliyyət Ermənistan hakimiyyətinin üzərindədir. Ermənistan Azərbaycanla sərhəddə gərginlik yaratmasından Qərbdən və Hindistandan yeni silahlar alınmasını özü üçün bir bəhanə kimi istifadə edə bilər. Yəni, bu təxribat xarakterli məlumatlar Ermənistan ordusunun silahlandırılması üçün də istifadə olunur. Mediada yayılan məlumatlara görə, Ermənistan yeni aldığı silahları sərhəddə toplayır. Bu, bir daha həmin silahların Paşinyan hakimiyyətinin dediyi kimi müdafiə üçün deyil, hücum üçün olduğunu göstərir. Avropa İttifaqının “mülki missiyasının” Ermənistanın təxribatlarına səssiz qalması da bu baxımdan, ciddi suallar yaradır. Bütövlükdə, Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionu üçün təhdid yaradır.
Bütün hallarda, rəsmi İrəvanın hazırkı davranışı qəbulolunmazdır. Erməni tərəfi anlamalıdır ki, Azərbaycanın şərtlərini yerinə yetirməklə sülh sazişi imzalanmalıdır. Yəni sülh müqaviləsinin mətni üzrə danışıqlar yekunlaşsa da, sənədi imzalamaq üçün İrəvan məlum şərtləri yerinə yetirməlidir. Belə ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair iddialar aradan qaldırılmalıdır. Paşinyanın və digər erməni rəsmilərinin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” sözlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni bu məsələlər hüquqi sənədlərlə tənzimlənir. Ermənistanın konstitusiyasında, müstəqillik bəyannaməsində və parlamentinin qərarlarında ölkəmizə qarşı ərazi iddiaları hələ də mövcuddur. Ona görə də, Azərbaycan öz tələblərində haqlıdır. Erməni tərəfinin yaydığı dezinformasiyalar isə sülhə xidmət etmir.
Nardar BAYRAMLI