Ucarda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.BUTA.TV xəbər verir ki, bu barədə Oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis zabiti Sadıx Axundov məlumat verib. O bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb: "Avqustun 6-sı saat 06:30-da Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisindən keçən 231.6 kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan sürücü 2003-cü il təvəllüdlü Balakən rayon sakini Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi 77 QT 804 dövlət nömrə nişanlı "Ford Focus" markalı avtomobil ilə 1994-cü il təvəllüdlü Ağcabədi rayon sakini Fərrux Bəhram oğlu Hüseynlinin idarə etdiyi 50 FG 573 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil toqquşub. Daha sonra "Ford Focus" markalı avtomobil idarəetməni itirərək beton ara kəsməyə dəyib və nəqliyyat vasitəsində alışma baş verib. Hadisə yerinə yaxınlaşan BDYPİ Yol Patrul xidmətinin əməkdaşları tərəfindən yanğınsöndürən balon ilə yanğından müdafiə tədbirləri görülüb. Əraziyə gəlmiş FHN yanğın söndürən briqadası tərəfindən yanğın söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmayıb, avtomobil yanaraq yararsız hala düşüb".