AZ

Biz kimə aşiq oluruq?

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sadə bir sual kimi görünə bilər. Amma əslində, bu sual hər birimizin daxilində səssiz şəkildə dolaşır. Bəzən özümüzə belə deməyə cəsarət etmədiyimiz bir sualdır bu. Həqiqətən, biz kimə aşiq oluruq? Və nə üçün?

Bu sualın cavabını tapmaq üçün çox uzağa getməyə ehtiyac yoxdur. Yetər ki, öz daxili dünyamıza dürüst şəkildə baxaq. Çünki biz çox zaman kiməsə təsadüfi olaraq deyil, uşaqlıqda aldığımız emosional zədələrin, travmaların, tanış duyğuların təkrarına görə aşiq oluruq. Əslində, bəzən "qismət" adlandırdığımız şey, içimizdə daşıdığımız və zamanla dərk etmədən bizi yönləndirən inanc sisteminin, duyğu kodlarının bir nəticəsidir.

Uşaq ikən valideynlərimizdən, ətrafımızdan aldığımız mesajlar - sevgi necə verilir, sevgi necə alınır, diqqət üçün nə etməliyik - bütün bunlar bizim gələcəkdə kimə aşiq olacağımızın ssenarisini yazır.

Sən, mən, biz

Təsəvvür edin, bir qadın var - adı Aysu. Ağıllı, güclü, öz ayaqları üstə dayanan biridir. Həyatda uğurludur, ətrafı tərəfindən dəyər görür. Amma bir məsələ var: o, hər dəfə emosional baxımdan əlçatmaz kişilərə aşiq olur. Və özü də bunu anlayır. Deyir ki, "Niyə olduğunu bilmirəm, amma özümü həmişə məni tam anlamayan, görməyən kişilərə aşiq oluram".

Bu, təkcə Aysunun hekayəsi deyil. Bu, minlərlə, bəlkə də, milyonlarla qadının səssiz iç səsidir. Psixologiyada bu hal geniş şəkildə izah olunur. Con Boulbinin bağlanma nəzəriyyəsinə görə, Aysunun uşaqlıqda aldığı qeyri-sabit və ya şərtli sevgi onu narahat bağlanma tərzi ilə böyütmüş ola bilər. Harvil Hendrixin "imaqo" nəzəriyyəsi isə deyir ki, biz yetkinlikdə elə insanlara aşiq oluruq ki, onlar uşaqlıqda aldığımız emosional yaraları təkrarlayırlar - çünki şüuraltımız bu yaraları sağaltmaq istəyir.

Yəni Aysu bu kişiləri ona görə sevmir ki, onlar "doğru" insanlardır. O, onları tanış hiss etdiyi üçün sevir. Bəzən hətta tanış acı da rahatlıq gətirə bilər. Bu, çoxlarımızın özümüzə etiraf etməyə qorxduğu bir həqiqətdir: sevgi bəzən hiss etdiyimiz "doğmalıqdan" gəlmir - uşaqlıqda alışdığımız emosional atmosferin təkrarından doğur. Bu mövzu təkcə fərdi müşahidə deyil - beynəlxalq psixologiyada da geniş araşdırılmış bir mövzudur:

- Ester Perel deyir ki: "Biz təkcə bizi xoşbəxt edənlərə deyil, bizə tanış olanlara da aşiq oluruq".

- Harvil Hendrix: "Biz partnyorlarımızla uşaqlığımızı sağaltmağa çalışırıq".

- Con Boulbi: "İnsanın emosional yaxınlığa münasibəti uşaqlıqda formalaşır".

Bu fikirlər bir daha göstərir ki, sevgi seçimlərimiz dərin psixoloji köklərə dayanır. Əgər bu kökləri tanımasaq, illərlə eyni naxışda, eyni ağrılarda dövr edə bilərik - fərqli insanlarla, amma eyni ssenaridə.

Axırda özümüzlə üz-üzə qalırıq

Bu sualların içində üz-üzə qaldığımız bir həqiqət var: "Kimə aşiq oluram?" sualından daha önəmlisi - "Nəyi təkrar edirəm?" Və daha dərini: "Nəyi sağaltmaq istəyirəm?"

Çünki sevgi təkcə "doğru insanı" tapmaq deyil. Sevgi - öz içində gizlənən ssenarini tanımaq və onu dəyişdirməyə cəsarət etməkdir. Bəzən ən gözəl sevgi, uşaqlıqdan bu günə qədər danışmaq imkanı tapmamış öz daxilindəki uşağı qucaqlamaqla başlayır. Bəlkə də, sevginin başladığı yer elə öz içimizdir. Orada sükutla oturan, anlaşılmaq istəyən, gözləyən bir biz var. O bizə tərəf baxır və deyir: "Məni indi eşit".

Aysel Məmmədova,

Kral Kolleci London - Psixologiya və neyroelm fakültəsinin məzunu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
oxu.az

1Mənbələr