AZ

İnfluencer və blogerlər vergi ödəməlidirmi? Ekspertlər danışır

ain.az bildirir, Gununsesi portalına istinadən.

Son günlər sosial mediada bəzi yerli influencer və blogerlərin reklam tarifləri gündəmə gəlib. Paylaşılan məlumatlara əsasən, stori reklamları 1000 manatdan başlayır, post və reels qiymətləri isə 3000-5000 manat aralığında dəyişir.

Bu rəqəmlər fonunda əsas müzakirə mövzusu isə influencer və blogerlərin bu gəlirlər üzrə rəsmi şəkildə vergi ödəyib-ödəmədikləri məsələsidir.

 Bəs onların vergi yükü hansı meyarlarla müəyyənləşdirilməlidir və bu sahədə nəzarət ilə şəffaflıq necə təmin oluna bilər?  

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, onlar kiçik sahibkar kimi qeydiyyata düşməli, VÖEN almalı və dövriyyələrinə uyğun olaraq vergi ödəməlidirlər:

“Əslində, bu prosesdə çətin bir şey yoxdur. Amma nəzarətdə saxlamaq da hər zaman asan deyil. Düşünürəm ki, əgər onların qeyri-rəsmi gəlirləri ilə bağlı konkret məlumatlar dəqiqləşərsə, bu zaman hüquqi məsuliyyət məsələsi ortaya çıxa bilər. Elə bu cür halların qarşısını almaq üçün əvvəlcədən VÖEN açmaları və vergi ödəmələri vacibdir.

Ümumiyyətlə, bu sahədə rəqabət varsa, şəffaflıq da mümkündür. Rəqabət şəraiti həm bazar iştirakçılarını qaydalara əməl etməyə, həm də fəaliyyətlərini rəsmi şəkildə qurmağa sövq edir”.

Gununsesi.info-ya danışan PR və marketinq mütəxəssisi Abbasəli Hüseynov bildirib ki, məsələni belə şərh edib:

“Buna görə  təkcə vergi yox, ümumilikdə reklam bazarının strukturundan yanaşmaq lazımdır:

Qiymətlərin real bazar əsasları varmı?Bəli, bu qiymətlər bəzən yüksək görünə bilər, lakin unutmayaq ki, influencer marketinqi artıq klassik televiziya reklamları ilə rəqabət aparan bir sahəyə çevrilib. Xüsusilə, 100 min və daha çox izləyicisi olan, spesifik niş auditoriyaya sahib influencerin bir paylaşımı on minlərlə insanla birbaşa və orqanik ünsiyyət qurmaq imkanı yaradır. Bu da brendlər üçün böyük üstünlükdür.

Lakin əsas problem qiymətlərin şəffaf olmaması və istifadə olunan ölçü vasitələrinin (reach, engagement, satışa təsir) qeyri-müəyyənliyidir. Influencerlər çox zaman izləyici sayına əsaslanaraq özlərinə qiymət müəyyən edirlər, halbuki brendləri maraqlandıran əsas məsələ real nəticələr – yəni investisiyanın geri dönüşü (ROI) olur.

Vergitutma necə olmalıdır? – Türkiyə, Rusiya və Gürcüstan nümunələri

Bu sahədə beynəlxalq təcrübə maraq doğurur:

Türkiyə: 2022-ci ildən etibarən sosial media gəlirləri ilə bağlı xüsusi qanun qəbul olunub. İnfluencerlər sadələşdirilmiş vergi rejimindən istifadə edir və illik 640 min TL-yə qədər gəlir əldə edən şəxslər 15% stopaj vergisi ödəyir. Onlar üçün ayrıca “dijital içerik üreticisi” kateqoriyası yaradılıb.

Rusiya: 2021-ci ildən başlayaraq dövlət YouTube, TikTok, Instagram kimi platformalardan gəlir əldə edən şəxsləri nəzarətə götürüb. 2022-ci ildə vergi orqanları 10 minə yaxın influenceri yoxlamaya cəlb etmişdi. Burada həm fiziki şəxslər, həm də fərdi sahibkar kimi qeydiyyatdan keçən kontent yaradıcıları üçün müxtəlif vergi modelləri mövcuddur.

Gürcüstan: Bu ölkədə sahə daha erkən dövrdə hüquqi əsaslara oturdulub. Rəqəmsal kontent yaradıcıları fəaliyyətlərini “mikro biznes” kimi qeydiyyatdan keçirdikdə, illik dövriyyələri 30,000 laridən aşağı olduqda 0% vergi ödəyirlər. Bu isə həm rəsmi fəaliyyət imkanı yaradır, həm də reklamverənlər üçün şəffaflıq təmin edir.

Marketoloqun təklifi: sistemli, şəffaf və ölçülə bilən model

Marketinq mütəxəssisi olaraq hesab edirəm ki, aşağıdakı məsələlər bu sahədə sistemli inkişaf üçün vacibdir:

Şəffaflıq və ölçülə bilənlik: Hər influencer platformasında konkret göstəricilər – izləmə sayı (reach), klik, satış dönüşü və s. – aydın şəkildə ölçülə bilməlidir.

Qeydiyyat və sadələşdirilmiş vergi sistemi: Məsələn, ildə 30,000 manatdan çox reklam gəliri olan hər bir şəxs sadələşdirilmiş vergi rejiminə cəlb edilməlidir.

Brendlər üçün vahid platforma: Influencerlərlə əməkdaşlıq etmək istəyən şirkətlər üçün dövlət və ya özəl qurumlar tərəfindən tənzimlənən reyestr və reyting sistemi yaradılmalıdır.

Maarifləndirmə: Təəssüf ki, bir çox bloqer və influencer bu işin hüquqi və vergi aspektlərindən xəbərsizdir. Bu sahədə KİV-lər, PR və marketinq assosiasiyaları tərəfindən maarifləndirmə kampaniyaları həyata keçirilməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
icma.az

1Mənbələr