ain.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Son vaxtlar qonşu Rusiyada Azərbaycana qarşı kampaniyanın başlanması təəssüf doğurur. Bu kampaniyanın bir istiqamətini guya ölkəmizdə digər mədəniyyətlərə dözümsüz münasibət bəslənilməsi ilə bağlı aparılan sifarişli təbliğat təşkil edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Rusiyada ölkəmizə qarşı aparılan qərəzli kampaniyada dövlət nəzarətində olan mətbuat, yüksəksəviyyəli rəsmilər, parlament təmsilçiləri də iştirak edirlər. Bu günlərdə qeyd olunan qərəzli kampaniyanın tərkib hissəsi olaraq Rusiyanın rəsmi TASS informasiya agenliyinin “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayması idi. Eyni zamanda, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair qeyri-obyektiv açıqlama verib. Ermənipərəst deputat Konstantin Zatulin isə erməniəsilli rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsini “barbarlıq”, “dini və tarixi abidələrin dağıdılması” və s. bu kimi adlarla təqdim edib. Əlbəttə ki, bütün bunlar yalan və böhtandan başqa bir şey deyil. Azərbaycan tərəfinin rəsmi iradlarından sonra TASS agentliyi yazının sərlövhəsində dəyişikliklər etdi. Belə ki, əvvəlcə “Spenakert” sözü “Dağlıq Qarabağ” ifadəsi ilə dəyişdirildi. Sonra isə bu söz də “Qarabağ” sözü ilə əvəzləndi. Azərbaycanın dostu olan TASS-ın rəhbər şəxslərindən biri Mixail Qusmanın vəzifəsindən azad edilməsi də təəssüf doğurur. Bu kimi hallar Rusiyada Azərbaycanafobiyanın artmasının göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, Rusiyanın bəzi parlament üzvlərinin, ekspertlərinin Azərbaycanı nasizmdə ittiham etməsi qəbulolunmazdır. Dövlət Dumasının Təhsil komitəsinin üzvü Anatoli Vassermanın “VFokuse Mail” saytına açıqlaması isə açıq-aşkar təhdiddən ibarətdir: “Belə ki, Dövlət Dumasının üzvü iddia edib ki, guya Azərbaycan yaxın onillikdə qaçılmaz olaraq Rusiyanın tərkibinə daxil olacaq. O, iddia edib ki, guya məhz Rusiyanın sayəsində Azərbaycan tamhüquqlu dövlətə çevrilib. Guya tarixən Azərbaycan İran və Türkiyənin istəyi ilə bir-biri ilə ziddiyyət təşkil edən çoxlu kiçik və xırda bəyliklərdən ibarət olub. Əlbəttə, rusiyalı deputatın bu sözləri cəfəngiyyatdan başqa bir şey deyil”.
Pərvin Kərimzadə qeyd edib ki, bu, Azərbaycana qarşı irqçi və şovinist yanaşmanın bariz nümunəsidir. Rusiya siyasi dairələrində azərbaycanlılara qarşı qərəzli mövqe illərdir açıq şəkildə hiss olunur. Rusiya Dövlət Dumasının bir sıra deputatlarının dəfələrlə Azərbaycana qarşı böhtan və hədə dolu ifadələr işlədiblər. Bu cür ritorika yalnız ksenofobiyanı körükləmir, eyni zamanda konkret təhdid hallarına zəmin yaradır. Bu baxımdan, Dumanın üzvü Anatoli Vassermanın və başqalarının hədə-qorxu ritorikası ilə danışmaları yolverilməzdir. “Azərbaycan müstəqil və güclü dövlətdir. Heç bir qüvvə bizimlə təhdid dili ilə danışa bilməz. Dövlətimizin hər bir məsələdə mövqeyi beynəlxalq hüquqa əsaslanır. Ona görə də, Rusiyanın siyasi dairələri, media qurumları tərəfindən ölkəmizə qarşı kampaniyaya son qoyulmalıdır”, -deyə deputat vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.