2025-ci ilin ilk altı ayında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan Qırğızıstan vətəndaşlarının sayı rekord həddə çatıb.
Hafta.az-ın yazdığına görə, Ukrayna Müdafiə Nazirliyinə bağlı “Yaşamaq İstəyirəm” layihəsinin 5 avqust 2025-ci il tarixli bəyanatına görə, yanvar-iyun ayları arasında ən azı 327 Qırğızıstan vətəndaşı Rusiya ordusuna qatılıb. Lakin qeyd edilib ki, bu rəqəmə yalnız Qırğızıstan pasportu sahibləri daxildir, Rusiya vətəndaşlığını almış Qrğızıstan vətəndaşlarının sayı bəlli deyil. Həqiqi rəqəmin daha çox ola biləcəyi vurğulanıb.
2023 və 2024-cü illərdə ümumilikdə 360 Qırğızıstan vətəndaşının Rusiya ordusuna qoşulduğu daha əvvəl açıqlanmışdı. Bu artım Rusiya tərəfindən Qırğızıstan vətəndaşlarının müharibəyə göndərilməsinin əhəmiyyətli dərəcədə artdığını göstərir. Açıqlamaya görə, Qırğızıstan hökuməti bu təhlükədən xəbərdar olsa da, ölkə Rusiyanın geniş yayılmış və sistemli işəgötürmə şəbəkəsi qarşısında acizdir. Müxtəlif mənbələrə görə, hazırda Rusiyada təxminən 450 min qırğız işçi miqrant çalışır.
“Yaşamaq istəyirəm” layihəsində bu şəxslərin tez-tez polis reydlərinə və saxlanmalarına məruz qaldığı bildirilir. Bildirilib ki, miqrantlar deportasiya edilməklə və ya saxta ittihamlarla məhkəməyə verilməklə hədələnir, digərləri isə vətəndaşlıq vədi ilə şirnikləndirilir. Bu şəkildə aldadılan və ya müqavilə imzalamağa məcbur edilən Qırğızıstan vətəndaşları tez bir zamanda cəbhə bölgələrinə, xüsusən də ən gərgin döyüşlərin yaşandığı bölgələrdəki “ölüm dəstələri”nə göndərilir.
Bəyanatda göstərilən nümunələrdən biri 2024-cü ildə oğlunu görmək üçün Ryazana gələn Əlişir Tursunovun hekayəsidir. Tursunov küçədə polis tərəfindən saxlanılıb, bölmədə döyülüb və hərbi müqavilə imzalamağa məcbur edilib. Cəmi bir neçə gün ərzində o, Luqansk vilayətində cəbhə xəttinə göndərilib.