Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Əlövsət Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2024-cü il paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Əlövsət Kərimov tanışı, zərərçəkmiş İmran Kərimovla (adı, soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin onunla birlikdə gəzmək barədə təklifindən imtina etməsi və nalayiq ifadələrlə təhqir etməsi olub. Bu zaman o, üzərində gizlətdiyi bıçaqla İmrana ardıcıl zərbələr (6 bıçaq) vuraraq öldürməyə cəhd göstərib.
Hadisədən sonra Əlövsət Kərimov saxlanılıb.
Qeyd: Hadisədən əvvəl hər iki şəxs yeyib-içərək sərxoş olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 13 gün müddətə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov