AZ

Qızmar günəş də Ağstafa əkinçisini çöldən çəkindirə bilmir

Məhsuldarlıq taxıl üzrə 34, kartof üzrə 300 sentnerdən çoxdur

İndiki rahatsız zamanda ərzaq və kənd təsərrüfatı məhsulları sarıdan daxili bazarın idxaldan asılılığının aradan qaldırılması vacib məsələdir. Bunun üçünsə yerli istehsala üstünlük verilməlidir. 

Odur ki, ağstafalılar da bütün qüvvələrini səfərbərliyə almışlar. Onlar yetişdirdikləri kənd təsərrüfatı məhsullarını vaxtında və itkisiz toplamaq üçün əllərindən gələni əsirgəmirlər. Ümumiyyətlə, son illər rayonda aqrar sahənin inkişafı  istiqamətində uğurlu addımlar atılır. Bu sahədə görülən tədbirlər onu deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələr ilin sonunacan uğurla yerinə yetiriləcək.

Hazırda rayonda 21 min 649 hektar əkinəyararlı torpaq sahəsi var. Onun 8 min 512,1 hektarında taxıl əkilir. Bunun 5734,5 hektarı buğda, 2 min 777 hektarı arpadır. Əvvəlki ildə olduğu kimi, bu il də fermerlər biçini vaxtında başa çatdırmışlar. Hər hektardan orta hesabla 34,2 sentner məhsul götürmüşlər ki, bu da əvvəlki ildəkindən çoxdur.

Kənd təsərrüfatının digər sahələrində də göstərcilər müsbətdir. Cari ilin məhsulu üçün 477,3 hektarda qarğıdalı, 1408 hektarda günəbaxan, 673 hektarda kartof əkilmişdir. Bu məhsulların istehsalında da yüksək nəticələrə nail olunur. Kartof sahələrinin hər hektarından 300 sentner məhsul götürülür.

Rayonda üzümçülüyə maraq çoxdur. Əvvəllər üzümçülük rayonu kimi tanınan Ağstafada bu gəlirli sahənin inkişafının davamlı olması üçün müxtəlif tədbirlər həyata keçirilir. Təcrübəli bağbanlar bu işə cəlb edilməklə yeni üzüm bağları salınır. Son illər rayonda 3 hektarda yeni tinglər əkilib. Hazırda rayonda 500,9 hektar üzüm bağı var. Onun 497,9 hektarı bar verir. 

Heyvandarlığa gəldikdə, son məlumata görə, rayon üzrə 25,4 min baş qaramal, 139,7 min baş davar var. Əhalinin ərzaq təminatında mühüm rol oynayan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Xüsusən qaramalın cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanmaya üstünlük verilir. Təkcə bu ilin 6 ayı ərzində 50-dən çox cins düyə alınmışdır ki, bu da əvvəlki illə müqayisədə çoxdur. 

Ağstafanın meyvə bağlarında məhsuldarlıq bu il gözlənildiyindən çoxdur. Hazırda rayon üzrə 1389,1 hektar meyvə bağı var və həmin bağların 1304,7 hektarı barverəndir. Keçən il bu bağların hər hektarından 117 sentner meyvə götürən fermerlər bu il həmin rəqəmin çox olacağını deyirlər.

Bu gün rayonda elə bir sahə yoxdur ki, orada qızğın iş getməsin. Taxılçılar biçindən sonra torpağı şumlayır, kartof əkənlər yığımı sürətləndirir, bağbanlar üzüm yığımına hazırlaşırlar. Hətta son günlərin qızmar günəşi də əkinçiləri çöldən çəkindirə bilmir. 

  

Sabir ƏLİYEV,

"Azərbaycan"

Seçilən
82
azerbaijan-news.az

1Mənbələr