AZ

Moskva aqressiv siyasəti ilə daxili auditoriyanın diqqətini problemlərindən yayındırmağa çalışır 

Rusiyanın media və digər platformalar üzərindən Azərbaycan əleyhinə apardığı kampaniyalar səngimək bilmir. İmperiya təfəkkürü ilə siyasət yürüdən şimal qonşumuz ard-arda sərgilədiyi qeyri-dost davranışları, səsləndirdiyi qərəzli və absurd iddiaları, ölkəmizin daxili işlərinə dil uzatması ilə göstərir ki, Azərbaycanın müstəqil siyasət yürütməsinə qəbullana bilmir. Moskva nəinki Cənubi Qafqazın, eləcə də dünyanın güc mərkəzlərindən birinə çevrilən ölkəmizin uğurlarına dözə bilmir. 

Azərbaycan bu gün qlobalmiqyaslı problemlərlə mübarizəyə verdiyi töhfələri, beynəlxalq çağırışları ilə dünyanın diqqət mərkəzindədir. Yürütdüyü çoxvektorlu və çevik diplomatik siyasəti sayəsində yerləşdiyi coğrafiyanın özəlliklərindən əlverişli şəkildə istifadə edən ölkəmiz bu gün Şərqlə Qərb arasında nəqliyyat habı rolunu oynayır. 

Avropanın enerji təhlükəsizliyində vacib yeri olan Azərbaycan həm də yürütdüyü uğurlu Yaxın Şərq siyasəti ilə dünya gündəmindədir. Həmçinin əldə etdiyi silsilə qələbələrlə son beş ildə bölgədə yeni reallıqlar yaradan Azərbaycan üçüncü qüvvələrin Cənubi Qafqazdakı maraqları qarşısına sədd çəkib. Bunun sayəsində keçmiş Qarabağ münaqişəsindən, ərazilərimizdə separatizmin varlığından yararlanaraq illərdir regionda mövqelərini möhkəmləndirən Rusiyanın da əli boşda qalıb. Hazırda Bakının xüsusi səyləri ilə Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülh üçün tarixi fürsət yaranıb. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, demək olar ki, çox da uzaqda deyil. Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iki ölkə lideri arasında keçirilən görüş dünya birliyi tərəfindən də sülh prosesi istiqamətində mühüm addım kimi dəyərləndirildi.  Xüsusilə ABŞ-nin, Tramp Adminstrasiyasının Cənubi Qafqazda sülh səylərinə dəstəyi vacib məqam kimi önə çıxdı. Hətta yerli və xarici mediada Ermənistan-Azərbaycan liderlərinin növbəti ikitərəfli görüşlərinin Vaşinqtonda baş tutacağı barədə xəbərlər də yer alıb. Bölgə ilə bağlı Bakının liderliyi ilə müsbət istiqamətə doğru cərəyan edən bütün proseslər isə təbii ki, yürütdüyü aqressiv, şovinist və imperial təfəkkürə dayanan siyasətlə dünyada özünə çoxsaylı düşmən qazanan Rusiyanı qane etmir. Moskva Bakıya qarşı aqressiv və manipulyativ siyasəti ilə həm də uğursuzluğa düçar olan xarici siyasətinin gətirdiyi ağır fəsadlardan daxili auditoriyanın diqqətini yayındırmaq istəyir. 

Daxili işimizə müdaxilə 

Vətən müharibəsindən sonra Rusiya sülhməramlıları Qarabağda qanunsuz əməllər törədirdi ki, bunlardan biri də 2021-ci ilin dekabrında "Rusiya şöhrət xiyabanı" layihəsi çərçivəsində Xankəndidə separatçılar və hərbi kontingent tərəfindən rəssam İvan Ayvazovskinin büstünün qoyulması idi. 

Bu günlərdə Xankəndi şəhərində vaxtilə qanunsuz qoyulmuş həmin büst haqlı olaraq demontaj olundu. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan tərəfinin bu addımının dərin təəssüflə qarşılandığını, bunun Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost addım kimi qiymətləndirildiyini bildirdi. 

Baxmayaraq ki, Şvıdkoy Şuşada Natəvanın, Üzeyir bəyin, Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəllərini öz gözləri ilə görüb. Hələ Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni abidələri yerlə yeksan etməsi faktı da var. Lakin gözlərini qərəz pərdəsi bürüyən Şvıdkoy bu vandalizm aktlarını deyil, Ayvazovskinin haqlı olaraq sökülən heykəlini görür və absurd ittihamları ilə bu hadisəyə fərqli don geyindirməyə çalışır.

Bununla yanaşı, Rusiyanın dövlət xəbər agentliyi olan TASS məsələ ilə bağlı dərc edilmiş "informasiya"da Azərbaycanın Xankəndi şəhərini "Stepanakert" adlandırır. Bununla TASS jurnalistikanın prinsiplərini ayaqlar altına ataraq Rusiyanın anti-Azərbaycan kampaniyasında rupor olduğunu bir daha təsdiqləyir. 

Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" adlandırılması ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli mətbuatın suallarına cavabında bildirilib ki, erməniəsilli rəssam İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi: "Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur".

XİN sözçüsü vurğulayıb ki, Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin "Stepanakert" adlandırılması isə ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

Həmçinin mətbuat katibi diqqətə çatdırıb ki, Rusiyanın rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd edilməsi hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi də Rusiya ərazisində bir çox yaşayış yerini öz əzəli adları ilə qeyd edə bilər. 

Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyasından sonra TASS geri addım atmağa məcbur oldu və birinci dəfə verdiyi xəbərin başlığından "Stepanakert" sözünü silərək, "Dağlıq Qarabağ" ifadəsindən istifadə etdi. Daha sonra isə qəbahətini düzəldərək xəbərin başlığına əslində olmalı olan - "Xankəndi" sözünü yazdı. 

  

Üzsüzlüyün bu qədəri...

Bu günlərdə "Moskovskiy komsomolets" qəzetində yayımlanan məqalə də ölkəmizə qarşı təxribat üzərində qurulub. Belə ki, qərəzli məqalədə hüquqi ərazilərimizdə sökülmüş qanunsuz heykəl bəhanə gətirilərək Azərbaycan nasist Almaniyası ilə müqayisə edilib. 

Bütün bu absurd ittihamlar - Rusiya tərəfindən sərgilənən üzsüzlük Azərbaycanın nasizmə qarşı apardığı fədakar mübarizəsinin yumşaq ifadə etsək həyasızcasına danılması deməkdir.  Üstəlik, Azərbaycanın onilliklər boyu həm də erməni nasizmi ilə  üz-üzə olması da Rusiyaya məlum faktdır. Lakin nə edəsən ki, şəxsi ambisiyaları Rusiyanı çoxdan riyakarlıq girdabına yuvarlayıb. 

Sərnişin təyyarəmizi Qroznı üzərində vurmasına, ölkədəki güc strukturlarının burada yaşayan həmvətənlərimizə qarşı vandal davranışlarına görə Azərbaycanın  Rusiyadan qətiyyətlə cavab tələb etməsi isə Kremli aqressivləşdirən və özündən çıxaran başlıca səbəblərdəndir. Ancaq şimal qonşumuz, strateji tərəfdaşımız olan bu ölkə qeyri-dost davranışları ilə yalnız özünə zərər verir. Müstəqil, qüdrətli Azərbaycan nəyi, necə və nə vaxt edəcəyini yaxşı bilir və bunun üçün nə Rusiyaya, nə də başqa ölkəyə hesab vermək fikrində deyil. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr