AZ

Azərbaycan-Mərakeş tərəfdaşlığı dinamik inkişaf edir

Mərakeş ərazisinə ilk dəfə ayaq basan hər bir şəxs füsunkar mənzərələri, əzəmətli Atlas dağlarını, sahilboyu sitrus meyvə bağlarını, Sahara barxanlarını, Marrakeş və Fes kimi gözəl sahil şəhərlərini, həmçinin qədim qalaları və dəbdəbəli sarayları seyr edə bilər. Səyahətçilər Mərakeşi "İsti günəşi olan soyuq ölkə" adlandırsalar da, ərəblər onu qeyri-rəsmi olaraq Əl-Məmləkə əl-Məğribiyyə (Uzaq Qərb ölkəsi) çağırırlar. Avropalılar isə ona qırmızı, gözəl anlamında, sadəcə, Mərakeş deyirlər. Burada hər addımda yerli mədəniyyətin bütün sahələrində özünəməxsusluğu hiss etmək olar. Yerli mətbəxin ən məşhur yeməklərindən biri konusvari saxsı qabda bişmiş ət və ya tərəvəzdən hazırlanmış tacin adlı xörək isə əcnəbilərin diqqətini daha çox cəlb edir. Həmçinin tərəvəz, ət və ya balıqla birlikdə təqdim olunan buxarda hazırlanmış manna yarmasından ibarət ənənəvi bərbər yeməyi olan kuskus da turistlərin ağzını dada gətirir. Bütün bunlar səyahət edənlərin yaddaşında dərin izlər buraxaraq ömürlük xoş xatirələrə çevrilir.

Vaxtilə Fransanın protektoratlığı altında olmuş Mərakeş müstəqillik qazanandan sonra dinc quruculuq mərhələsinə qədəm qoymuş və hazırda inkişaf etməkdə olan aqrar ölkələrdən biridir. Ölkə iqtisadiyyatı tələb və təklif qanunu əsasında fəaliyyət göstərən nisbətən liberal iqtisadiyyat hesab olunur. Mərakeş 2025-ci ilin əvvəlində həyat səviyyəsinə görə Afrika ölkələri arasında reytinq cədvəlində Cənubi Afrika və Tunisdən sonra üçüncü yeri tutur. Şəhər əhalisi durmadan artır, indi Mərakeş əhalisinin 49 faizi şəhərlərdə yaşayır.

Mərakeş iqtisadiyyatı 2025-ci ildə inamlı artım nümayiş etdirir və ilin sonuna qədər ümumi daxili məhsulun həcminin 151,06 milyard dollara çatacağı gözlənilir. Bu ilin birinci rübündə iqtisadi artım son üç ilin ən yüksək göstəricisi olmaqla 4,8 faiz təşkil edib.  Halbuki ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 3 faiz təşkil etmişdi.

Bu ilin mart ayına olan məlumata görə, Mərakeşin ümumi valyuta ehtiyatlarının 5,4 faizini təşkil edən təxminən 22,1 ton qızılı var. Bu göstəriciyə görə Mərakeş dünyada 67-ci, qitədə isə 5-ci yeri tutur. 

Hazırda dağ-mədən sənayesinin ümumi daxili məhsulda payı 3 faizdir. Mərakeşin əsas faydalı qazıntıları fosforitlərdir. Onların istehsalında ölkə dünyada 3-cü, ixracına görə isə 1-ci yerdədir. Qurğuşun, manqan, mis, kobalt, sink, barit isə sənaye miqyasında hasil edilir.

Fosfatlar və gübrələr, toxuculuq məhsulları - geyim və tekstil məmulatları Mərakeşin ixrac sənayesinin əsasını təşkil edir. İxracatın digər sahələrinə elektron komponentlər, qeyri-üzvi kimyəvi maddələr, minerallar, neft məhsulları, tranzistorlar, sitrus meyvələri, tərəvəz - pomidor, şirin kartof (batat), həmçinin avokado, çiyələk, zeytun və zeytun yağı, balıq məhsulları daxildir. Mərakeş kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəzin Avropa ölkələrinə və digər dünya bazarlarına əhəmiyyətli ixracatçısıdır.

Ölkənin iqtisadi və ticarət paytaxtı olan Kasablanka həm də müasir Mərakeşin simvolu hesab olunur. O, həm də Mərakeşin ən böyük və ən sıx əhalisi olan şəhəridir. Ölkənin ən  gözəl şəhəri isə Marrakeşdir.

Mərakeşin idxalında - xam neft, toxuculuq malları, müxtəlif növ parçalar, maşın və avadanlıqlar, buğda, təbii qaz, elektrik enerjisi, tranzistorlar, plastik məmulatlar mühüm yer tutur. Fransa və Yaponiya modelləri əsasında tam şəkildə Mərakeşdə yığılan avtomobillər Avropaya, Yaxın Şərq ölkələrinə və Afrikaya ixrac edilir.

Mərakeşin əsas xarici ticarət tərəfdaşları həm ixracda, həm də idxalda lider olan İspaniyadır. İspaniyadan sonra onun idxal və ixrac üzrə əsas ticarət tərəfdaşları Fransa, Hindistan və İtaliyadır. Çin, Almaniya, ABŞ də bu ölkə ilə ticarətdə mühüm rol oynayırlar.

Mərakeşin əsas xarici siyasət prioritetlərinə ənənəvi tərəfdaşlarla əlaqələrin gücləndirilməsi, xüsusilə Afrika ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi və Qərbi Sahara probleminin həlli də daxil olmaqla, beynəlxalq aləmdə ölkənin maraqlarının təşviq edilməsi daxildir.

Tarixi və mədəni irsin zənginliyi bu ölkəyə xarici turistlərin axınına səbəb olmuşdur. Mərakeş 2025-ci ilin yanvar-may aylarında 7,2 milyon turisti qəbul etməklə yeni rekorda imza atıb.  Bu göstərici ötən ilin həmin dövrü ilə müqayisədə 22 faiz çoxdur. Bu il Mərakeşə 18 milyon turistin gəlişi gözlənilir.

Mərakeş yaxın illərdə iki böyük idman tədbirinə evsahibliyi edəcək: Afrika Millətlər Kubokuna və 2030-cu ildə keçiriləcək Dünya Kubokuna. Ölkədə bu sahədə aparılan intensiv hazırlıq işləri onu deməyə əsas verir ki, Mərakeş 2030-cu ildə 26 milyon turisti qəbul edə biləcək.

Mərakeş Krallığı Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb, ölkələrimiz arasında diplomatik əlaqələr isə 1992-ci il avqustun 25-də qurulub və iki ölkə arasında münasibətlərin əsası qoyulub. 1994-cü ilin dekabr ayında Ümummilli Lider Heydər Əliyevin Kasablankada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının VII konfransında iştirak etmək məqsədilə Mərakeşə səfər etməsi qarşılıqlı münasibətlər tarixində mühüm hadisə olub. Bu zirvə toplantısı çərçivəsində mərhum kral II Həsən ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın təməli qoyulub. Hazırda bu dostluq əlaqələri Prezident İlham Əliyev və Kral VI Məhəmmədin səyləri sayəsində uğurla davam etdirilir.

Azərbaycan özünün milli naraqlarına uyğun olaraq ötən dövr ərzində Mərakeş ilə münasibətlərin möhkəmlənməsinə xüsusi əhəmiyyət verib. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və sosial münasibətləri tənzimləyən 100-dən çox sənəd imzalanıb. Bunlar qarşılıqlı münasibətlərin sabit və davamlı inkişafı üçün münbit zəmin yaradır. İki ölkənin dövlət və hökumət strukturları arasında qarşılıqlı əlaqələr durmadan artır. Xüsusilə ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş fəaliyyət göstərir. 

2025-ci il mayın 9-da Azərbaycan və Mərakeşin məşğulluq orqanları arasında əməkdaşlıq sənədi imzalanıb. Qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzalanan plan aktiv məşğulluq tədbirləri, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması peşə hazırlığı, işsiz şəxslərin, xüsusilə gənclərin məşğulluq imkanlarının artırılması və karyera məsləhəti xidmətlərinin göstərilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Hazırda Azərbaycan inkişaf edən müasir iqtisadiyyatı və böyük iqtisadi potensialı olan bir ölkədir. Həmçinin mühüm coğtafi, geosiyasi məntəqədə yerləşməsi, Cənubi Qafqazda lider dövlət olması dünya dövlətlərinin diqqətini çəkən mühüm amillərdir. Bunlar Mərakeş ilə münasibətlərin davamlı inkişafını zəruri edən amillərdir. Təsadüfi deyil ki, Mərakeş ilə Azərbaycan arasında vizasız rejim mövcuddur. Mərakeşli iş adamlarının Azərbaycan bazarına rahat şəkildə daxil olmaları üçün bütün imkan və şərait yaradılmışdır.

İki ölkə arasında enerji və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq mövcuddur. Mərakeşin kənd təsərrüfatı sahəsindəki təcrübəsi Azərbaycanın kənd təsərrüfatı məhsullarının artırılmasına və ixracına kömək edə bilən müsbət amildir.

Hər iki ölkənin regional təhdidlərlə qarşılaşması onların hərbi quruculuq sahəsində əməkdaşlığını da zəruri edir. Məhz iki ölkə hökumətləri arasında 2024-cü il oktyabrın 30-da imzalanmış saziş müdafiə sahəsində əlaqələrin gücləndirilməsi üçün təməl yaratmış oldu. Bu sənəd texniki yardım, birgə hərbi təlimlər, təcrübə mübadiləsi, kibertəhlükəsizlik və müdafiə sənayesi daxil olmaqla bir sıra əməkdaşlıq sahələrini əhatə edir. 2025-ci il yanvarın 10-da Azərbaycan və Mərakeş arasında hərbi əməkdaşlıq haqqında razılaşma təsdiqləndi.

Qarşılıqlı mədəni əlaqələr də durmadan inkişaf edir. Ötən ilin yayında Rabat şəhərində "Şuşa günləri"nin keçirilməsi yaddaqalan hadisə oldu. İslam dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı seçilmiş tarixi Şuşa şəhərində reallaşan layihə də Mərakeşli diplomatların marağına səbəb oldu. 

2024-cü il oktyabrın 12-də Mərakeş Krallığının paytaxtı Rabatda "Mərakeş-Azərbaycan münasibətləri: tarix və çağırışlar" adlı seminarın keçirilməsi ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılandı. Seminarda Azərbaycan ilə Mərakeş arasında əlaqələrin tarixinə və hazırkı vəziyyətinə nəzər salınmış, onun perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

2024-cü ilin iyulunda Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"i ratifikasiya edib. Təsadüfi deyil ki, 2025-ci ilin yanvar-may ayları ərzində Mərakeşdən Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə iki dəfədən çox artaraq 1500-ə çatıb.

Bakı şəhərində fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə paytaxt Rabatda fəaliyyət göstərən Amadeus İnstitutu arasında 2024-cü ildə qarşılıqlı əməkdaşlıq memorandumu imzalanmışdır. Bu il martın 15-də Rabat şəhərində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ilə Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilmişsir. Bütün bunlar mədəni əlaqələrin yeni məzmun almasını şərtləndirir. 

Son illərin qarşılıqlı əməkdaşlığın zəngin məzmun kəsb etməsi iki dost ölkə arasında münasibətlərin dinamik inkişafından xəbər verir. Hər iki ölkə qarşısına çıxan daxili və xarici problemləri həll etmək qətiyyətinə və qüdrətinə malikdir. Onların arasında ardıcıl tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi bu işdə mühüm rol oynayır, Şimal-Qərbi Afrikada və Cənubi Qafqazda dinc quruculuq və əməkdaşlıq üçün yeni yollar açır.

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Seçilən
60
azerbaijan-news.az

1Mənbələr