AZ

Koçaryan niyə Rusiyanın ətəyindən yapışıb?

Bu gün Ermənistan özünün tənəzzül, Azərbaycan isə yüksək inkişaf dövrünü yaşayır. Hətta ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Şübhəsiz, Hayastanın bu vəziyyətə düşməsi onun hələ də təcavüzkar siyasətindən əl çəkməməsi ilə əlaqədardır. Halbuki, Azərbaycanla uzunmüddətli sülhün təmin edilməsi və bütün kommunikasiyaların açılması, o cümlədən ticarət, investisiya və iş yerləri üçün yeni imkanlar yaradacaq Zəngəzur dəhlizinin işə salınması təcavüzkar ölkənin yeganə çıxış yoludur.

Doğrudur, bu ilin martında Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb. İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə isə sülh gündəliyinin irəli aparılması üçün müəyyən nailiyyətlər əldə olunub. Amma bütün bunlar Xocalı cəlladı kimi tanınan, sabiq prezident Robert Koçaryanın ürəyincə deyil. Elə bu səbəbdən o, aranı yenidən qarışdırmaq fikrinə düşüb. Ermənistanın, ümumiyyətlə, Azərbaycanla hansısa razılığa gəlməsini istəməyən Koçaryan təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanı "milli maraqları satmaqda" və "Qərbyönlü kurs aparmaqda" günahlandırmaqda davam edir.

 Rusiyanın Ermənistandakı bir nömrəli adamı Robert Koçaryan bu günlərdə “Kanal 5” televiziyasının “Aylur” informasiya proqramına verdiyi müsahibəsində bu kimi bir sıra məsələlərə toxunub. O cümlədən bildirib ki, Azərbaycan və Türkiyə Qafqazda dominant roluna sahibdir. O, bunu Ermənistan üçün “təhlükə” hesab edərək, dəstəyə ehtiyac olduğunu iddia edib: “Azərbaycanı və Türkiyəni cilovlaya bilən bir ölkə var, o da Rusiyadır”. “Azərbaycan ən yüksək səviyyədə bəyan edir ki, Sevan onlarındır, Yerevan İrəvandır və Azərbaycan şəhəridir, Zəngəzur Azərbaycanındır” deyən Koçaryan bildirib ki, Qarabağ məsələsinin həllindən sonra Azərbaycan daha da cəsarətlənib: “Azərbaycan Avropanı neft və qazla təmin etməkdə müəyyən qədər Rusiyanı əvəz edir. Onlar bundan daha cəsarətli mövqedən yararlanmağa çalışırlar. Bu, gözlənilən idi”. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi isə Rusiya ilə müharibə vəziyyətindədir: “Əgər Ermənistan rəhbərliyi bunu hələ də dərk etməyibsə, bu, geosiyasi savadsızlığın əlamətidir”. Koçaryanın bu sözlərinin dərinliyində isə gizlənən budur: Bölgədə yeni yaranmış reallıqlar fonunda Rusiyanın Cənubi Qafqazda keçmiş təsir imkanlarını itirməsini qəbul etməmək. Bir də Azərbaycan və Türkiyə qorxusu. Bu isə o deməkdir ki, Koçaryan Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətini davam etdirməyin fəal tərəfdarıdır.

Halbuki, Koçaryan anlamalıdır ki, bu gün istər Azərbaycan, istərsə də Türkiyə Cənubi Qafqazda Rusiya kimi dominantlıq etmək fikrində deyillər. Onların məqsədi bu bölgədə əbədi sülhə nail olmaqdır ki, bu istiqamətdə də mütəmadi addımlar atmaqda davam edirlər. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşərdi: "Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir".

Bəli, Türkiyə Azərbaycanın strateji müttəfiqidir, digər tərəfdən Ermənistan Türkiyənin qonşusudur. Odur ki, Cənubi Qafqazda sabitliyə böyük önəm verən Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin tez bir zamanda baş tutmasında maraqlıdır. Sirr deyil ki, bu gün də hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmadığına görə Türkiyə-Ermənistan sərhədi bağlıdır və iki dövlət arasında rəsmi diplomatik korpus mövcud deyil. Çünki Ankara da, Bakı da çox gözəl başa düşür ki, regionda öz maraqlarını ifadə etmək istəyən başqa güc sahibi olan dövlətlər var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan və Türkiyə ilə Ermənistanın diplomatik münasibətlərinə yol açılandan sonra təcavüzkar dövlət də inkişaf etməkdə olan ölkələrdən bir ola bilər. Şübhəsiz, Koçaryanın bu kimi avantürist fikirləri ilə yenidən gündəmə gəlməsi əslində yenidən hakimiyyətə yiyələnmək cəhdindən başqa bir şey deyil.

Koçaryan bu ritorika vasitəsilə həm də Rusiyaya xoş gəlməyə, Kreml qarşısında özünü etibarlı oyunçu kimi təqdim etməyə çalışır. Sabiq prezidentin bu mövqeyi isə Qərbyönəmli Ermənistanın xarici siyasətinə ziddir. Yeri gəlmişkən qeyd edək ki, əslində, Ermənistanı bugünkü vəziyyətə gətirən də məhz elə koçaryanlar olub. Parlamentdə güllələnmə hadisəsi, borc müqabilində ölkəsinin bütün əmlakının Rusiyaya peşkəş edilməsi, digər cinayətlər onun ayağına yazılıb. Bu baxımdan Koçaryanın Paşinyanı devirmək iddiaları real siyasi perspektivdən uzaqdır və daha çox daxili auditoriyanı çaşdırmaq üçün nəzərdə tutulan taktiki manevrlərdir. Elə bu kimi səbəblərdən görünən budur ki, erməni xalqı bir daha onu, eləcə də Serjik Sarkisyanı hakimiyyətdə görmək istəmir. Hətta 44 günlük müharibədə Ermənistanın məğlubiyyətindən sonra, 2021-ci ilin iyununda keçirilən parlament seçkilərində sabiqlərin ölkə vətəndaşlarının etimadını qazana bilməmələri də bunu sübut edir. Yəni, hərbi-siyasi fiasko fonunda vətəndaşların çaşqın hissləri ilə oynayacağına ümid edən, bütün günahları indiki hakimiyyətin üzərinə yıxan Koçaryana, Sarkisyana və onların komandasına erməni seçiciləri yerini göstəriblər. Bütün bunlar isə bir daha göstərir ki, onlar ölkə daxilində də ciddi sosial-siyasi dayaqlardan məhrumdurlar. Kocaryanı dəstəkləyənlər sadəcə onun kiçik siyasi tərəfdar qrupu, bəzi kilsə təmsilçiləri və Rusiyada müəyyən dairələrdir. Yeri gəlmişkən, xatırladaq ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) 2025-ci ilin mart ayında apardığı sosioloji sorğuya əsasən, Ermənistanda Robert Köçəryana inam səviyyəsi cəmi 4-5%-dir.

Şübhəsiz, Nikol Paşinyan da onları ram etməkdə özündə cəsarət tapacaq. Baş nazir Paşinyan “Qarabağ klanı”na bağlı qüvvələri qanunsuz yolla hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Hətta bu ittihahamlarla Rusiyada və Ermənistanda fəaliyyət göstərən iş adamı, milyarder Samvel Karapetyan və iki arxiyepiskop (Baqrat Qalstanyan və Mikael Acapaxyan) həbs olunublar. Amma bu faktdır ki, hazırda Nikol Paşinyan seçki öncəsi Rusiyanın arxasında durduğu kilsə və koçaryanlardan ibarət müxalifətlə qarşıdurma mərhələsini yaşayır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
10
ikisahil.az

1Mənbələr