“Yerin təki” sazişi çərçivəsində Ukrayna-ABŞ İnvestisiya Fondunun Direktorlar Şurasının ilk iclasının sentyabrda keçirilməsi planlaşdırılır.
"Report"un xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko ABŞ-nin maliyyə naziri Skot Bessentlə söhbətindən sonra özünün teleqram kanalında məlumat verib.
"Biz ABŞ-Ukrayna İnvestisiya Fondunun fəaliyyətə başlamasını müzakirə etdik. Biz onun mandatını genişləndirməyə çalışırıq ki, fond müdafiə sektoruna da sərmayə yatıra bilsin. Direktorlar Şurasının ilk iclasının sentyabrda keçirilməsi planlaşdırılır. Məqsəd 18 ay ərzində ilk üç layihəni işə salmaqdır", - baş nazir yazıb.
Sviridenkonun sözlərinə görə, söhbət zamanı həmçinin müdafiə sektorunda əməkdaşlığın gücləndirilməsi, Ukrayna pilotsuz təyyarələrinin istehsalı və satışı üzrə potensial müdafiə müqaviləsi, həmçinin Amerika silahlarının mümkün alışı müzakirə edilib.