Rəsmi Parisin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş növbəti diplomatik hücum cəhdi
Fransa ilə Azərbaycan arasında münasibətlər son illərdə dərin gərginlik müstəvisinə keçib. Xüsusilə 2020-ci ildən sonra, Azərbaycan torpaqlarının işğaldan azad olunması və Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşması fonunda Parisin nümayiş etdirdiyi mövqe artıq sadəcə birtərəfli yanaşma deyil, açıq qərəz, təxribat xarakterli addımlar və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş siyasi davranış kimi dəyərləndirilir. Son günlərdə Fransa Milli Assambleyasının Azərbaycana qarşı yönəlmiş qətnamə layihəsini gündəmə gətirməsi bu siyasi tendensiyanın davamı olmaqla yanaşı, rəsmi Parisin Cənubi Qafqazda sülh deyil, gərginlik yaratmaqda maraqlı olduğunu bir daha sübut edir. Təqdim olunan qətnamə layihəsi bir daha Fransa siyasi dairələrinin ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyur. Qəbul edilməsi planlaşdırılan bu sənəd regionda baş verən proseslərə müdaxilə cəhdi olmaqla yanaşı, Azərbaycana qarşı əsassız ittihamlarla doludur. Reallıqların tamamilə təhrif olunduğu layihədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hörmətsizlik nümayiş etdirilir. Eyni zamanda, Parisin özünü guya “demokratiyanın, insan hüquqlarının və beynəlxalq hüququn daşıyıcısı” kimi təqdim etməsinə baxmayaraq, bu kimi qətnamələrlə beynəlxalq hüququn əsas prinsipləri dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və daxili işlərinə qarışmamaq kimi müddəalar kobud şəkildə pozulur.
Fransanın mövqeyi xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri fonunda tamamilə birtərəfli xarakter daşıyır. Əvvəla, qeyd olunmalıdır ki, Azərbaycan BMT-nin tanıdığı sərhədlər çərçivəsində öz ərazilərində suveren hüquqlarını bərpa edib. Bu, BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və suveren dövlətin təbii hüquqlarına tam uyğundur. Lakin Fransa parlamentində irəli sürülən qətnamədə bu fundamental həqiqətləri görməzlikdən gəlmək, əvəzində Azərbaycanı guya “aqressiyada” ittiham etmək əslində ikili standartlar siyasətinin və ermənilərin maraqlarını müdafiə edən birtərəfli yanaşmanın nümunəsidir. Fransanın qəbul etdiyi sənəddə Ermənistanın sülh tərəfdarı kimi təqdim edilməsi reallıqla ziddiyyət təşkil edir və bu cür təqdimat təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olmalıdır. Çünki Ermənistanın son onilliklər ərzində beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini sistematik şəkildə pozaraq sülhə deyil, əksinə, işğal siyasətinin davamına xidmət edən təcavüzkar hərəkətlərə yol verməsi artıq sənədlərlə sübut olunmuş tarixi həqiqətdir. BMT-nin qətnamələri Ermənistanın Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb etsə də, bu sənədlər uzun illər ərzində kağız üzərində qaldı və Fransa da daxil olmaqla bir sıra Qərb ölkələrinin susqunluğu fonunda işğal siyasəti davam etdirildi. Belə olan halda, Ermənistanın sülh tərəfdarı kimi təqdim olunması nəinki tarixi həqiqətləri təhrif edir, həm də beynəlxalq hüquqa açıq hörmətsizlik kimi qiymətləndirilməlidir. Bundan başqa, qətnamədə Ermənistan ərazisindən sırf etnik və dini mənsubiyyətlərinə görə qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının tamamilə nəzərə alınmaması xüsusilə düşündürücüdür. Fransanın belə bir həssas və taleyüklü məsələyə göz yumması isə, onun insan hüquqları məsələsində qərəzli və siyasi maraqlara əsaslanan yanaşma sərgilədiyini bir daha nümayiş etdirir.
Fransanın Cənubi Qafqazda neytral vasitəçi kimi təqdim olunmaq cəhdləri reallıqdan uzaqdır. Paris həm diplomatik arenada birtərəfli mövqeyini ortaya qoymaqla, həm də hərbi yardımlar vasitəsilə Ermənistanı silahlandıraraq bölgədəki güc balansını pozur, revanşist qüvvələri canlandırır və nəticədə gərginliyi daha da artırır. Bu davranış sülhün təşviqi və münaqişələrin dinc yolla həlli prinsipləri ilə açıq şəkildə ziddiyyət təşkil edir. Belə siyasət təkcə regional sabitliyə ciddi təhlükə yaratmır, həm də Cənubi Qafqazda mövcud olan sülh təşəbbüslərinin qarşısını almaq məqsədi güdür. Azərbaycanın Fransa ilə diplomatik münasibətlərinə zərbə vuran bu qətnamələr və qərəzli açıqlamalar, eyni zamanda, Avropa İttifaqının və ümumilikdə Qərbin regiondakı rolu ilə bağlı suallar doğurur. Əgər Fransa kimi nüfuzlu bir Avropa dövləti Ermənistanı açıq şəkildə dəstəkləyir, Azərbaycanı haqsız yerə ittiham edir və regionda tərəf kimi çıxış edirsə, o zaman Avropanın bu münaqişədə neytrallığı və obyektivliyi necə təmin olunacaq? Sülhə real töhfə vermək istəyən bir ölkə üçün bu cür davranış qəbuledilməzdir.
Azərbaycan əleyhinə sistemli şəkildə aparılan qarayaxma kampaniyasının qarşısında ölkəmizin hüquqi və diplomatik cavabları ilə yanaşı, diaspor və beynəlxalq təşkilatların da fəal mövqe sərgiləməsi bu məsələdə milli həmrəyliyin və prinsipiallığın bariz göstəricisidir. Bu mənada Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzinin Fransa Milli Assambleyasında irəli sürülmüş əsassız və qərəzli qətnamə layihəsinə dair yaydığı bəyanat olduqca mühüm əhəmiyyət kəsb edir. Sözügedən bəyanat həm hüquqi, həm də siyasi baxımdan qətnamənin mahiyyətini ifşa edir və beynəlxalq ictimaiyyətə ünvanlanmış prinsipial mövqe kimi çıxış edir. Bəyanatda sənədin beynəlxalq hüququn əsas prinsiplərinə zidd olduğu, Azərbaycanın suverenliyinə müdaxilə xarakteri daşıdığı və siyasi motivli olduğu vurğulanıb. Qətnamədə səsləndirilən “etnik təmizləmə” və “soyqırımı” ittihamlarının beynəlxalq cinayət hüququna zidd olduğu, Azərbaycan antiterror tədbirlərində beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına tam əməl etdiyi, mülki əhalinin qorunmasını təmin etdiyi, könüllü olaraq bölgəni tərk edən erməni əhalinin təhlükəsiz və ləyaqətli qayıdışı üçün çağırışlar etdiyi qeyd olunub.
Bundan əlavə, sənəddə Ermənistanın “sülh tərəfdarı” kimi göstərilməsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə zidd olduğu, 30 ilə yaxın müddətdə həmin qətnamələrin yerinə yetirilməməsi fonunda Fransa sənədində Qərbi Azərbaycandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququna toxunulmaması ciddi insan hüquqları pozuntusudur.
Bəyanatda Fransanın Cənubi Qafqazda neytral vasitəçi yox, tərəf kimi çıxış etdiyi, Ermənistanı silahlandırdığı, revanşist qüvvələri təşviq etdiyi, bunun isə regional sabitliyə və sülh səylərinə zərbə vurduğu vurğulanıb. Avropa Azərbaycan Mərkəzi Fransa parlamenti və siyasi dairələrini qərəzli mövqedən əl çəkməyə, beynəlxalq hüquqa və Azərbaycanın suveren hüquqlarına hörmət etməyə çağırır.
Nigar Orucova, “İki sahil"