AZ

Sabirabadın iki kəndində pambıq sahələri şor su ilə suvarılır

Sabirabadın Moranlı və Sarxanbəyli kəndlərində şirin su olmadığından pambıq sahələri şor su ilə suvarılır.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun ən ucqar kəndlərindən biri olan Moranlı və Sarxanbəylidə bir neçə ildir əkin sahələri şor sudan istifadə edilməklə suvarılır.

Torpaq sahiblərinin sözlərinə görə, 5-6 il bundan öncə rayonun Azadkənd kəndində Kür sahilində quraşdırılan su nasos stansiyası bir il normal işləyib. Şirin su kəndə çatmadığında camaat əkin sahələrini suvara bilmir. Hər şeydən əlləri üzülən torpaq sahibləri əkin sahələri məhv olmasın deyə, “Ana kanal” adlanan kollektorun qarşısını kəsməklə onun suyundan istifadə etmək məcburiyyətində qalıblar. İki kəndin ərazisində isə 4 min hektara yaxın pambıq sahəsi yalnız şor su ilə suvarılır. Proses artıq 5 ildir ki, davam edir.

Mülkiyyətçilərin dediyinə görə, bəzi torpaq sahibləri pambıq sahələrini suvarmaqdan ötrü mal-qarasını sataraq, su nasosu alıb və nasoslar vasitəsilə tarlalarına yaxın kollektordan su çəkməklə pambıq sahələrini suvarır. Maddi imkanı olmayanlar isə pambıq sahələrini suvara bilmədiklərindən bitkilər yanaraq məhv olur.

Susuzluqdan şikayət edən deyir ki, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Lakin problemi kökündən həll edən yoxdur.

Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı idarəsindən bildirilib ki, problemin aradan qaldırılması üçün dövlət tərəfindən layihə həyata keçirilir. Belə ki, xarici şirkətlər tərəfindən İmişli rayonundan başlayaraq həmin kanalların betonlanması işləri aparılır. Bu işlər başa çatdıqdan sonra sözügedən kəndlərdə olan çətinliklər də aradan qalxacaq. Həm Araz çayının suyunan istifadə olunacaq, ehtiyac olarsa, Kür çayının suyundan da su kanalı vasitəsilə bu ərazilərin suvarılması həyata keçiriləcək.

Seçilən
4
report.az

1Mənbələr