AZ

Gürcüstanda “Çevik ruh-2025” hərbi təlimləri çərçivəsində “Sahə təlimi” keçirilib

Tbilisi, 5 avqust, AZƏRTAC

Gürcüstanda keçirilən “Çevik ruh-2025” hərbi təlimləri çərçivəsində Tbilisi yaxınlığındakı 11-ci Vaziani poliqonunda çoxmillətli bölük səviyyəsində son “Sahə təlimi” olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə bu ölkənin müdafiə naziri İrakli Çikovani, müdafiə qüvvələrinin komandiri, general-leytenant Georgi Matiaşvili və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corciya Milli Qvardiyasının Birləşmiş Qərargahının komandiri, briqada generalı Haris Marşall qatılıb. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri təlimi müşahidə ediblər.

Vaziani poliqonunu Gürcüstanın müdafiə nazirinin müavini və Müdafiə Qüvvələrinin komandirləri, bu ölkədə akkreditə olunmuş hərbi attaşelər, həmçinin NATO-nun Rabitə Ofisinin və təşkilatın əsas paketi üzrə Gürcüstandakı qrupun, eləcə də ABŞ səfirliyinin Müdafiə əməkdaşlıq xidmətinin və Avropa monitorinq missiyasının nümayəndələri ziyarət ediblər.

Beynəlxalq təlimlərə Gürcüstanın qərb müdafiə qüvvələrinin komandanı, briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi polkovnik Uilyam Koks rəhbərlik ediblər.

Qeyd edək ki, “Çevik ruh-2025” hərbi təlimi Gürcüstanda 12-ci dəfə keçirilir. Təlimlərin məqsədi iştirakçı ölkələrin müdafiə qüvvələrinin hazırlıq səviyyəsini artırmaq, qarşılıqlı fəaliyyət və əməliyyat imkanlarını gücləndirməkdir.

Seçilən
6
2
azertag.az

3Mənbələr