MİNGƏÇEVİR, 5 avqust. TELEQRAF
İllərdir ki, şəhərin yerli qurumları tərəfindən suvarılan park zolağına suyun verilişi dayandırılıb.
Anlaşlmayan şəkildə ərazidə fəaliyyət göstərən sahibkardan şəhərin ümumi fonduna məxsus yaşıllıqların suvarılması üçün sayğac qoydurması tələb olunur.
Teleqraf-ın Mərkəzi Aran bürosunun verdiyi xəbərə görə söhbət Mingəçevir şəhərində Heydər Əliyev meydanı həndəvərində yaşıllıqlarla əhatə olunmuş istirahət əyləncə məkanında yaranan problemdən gedir. Qeyd etmək lazımdır ki, haqqında bəhs olunan ərazi şəhər boyu uzanan piyada hərəkət zolaqlarının tərkib hissəsidir. Burada bir neçə obyekt və əyləncə atraksionlarının yerləşməsinə rəğmən həmçinin insanların sərbəst hərəkəti və istirahəti üçün heç bir ayırıcı nişanə , dəmir məhəccər və hasar tipli qurğu mövcud deyil.
Ərazidə fəaliyyət göstərən sahibkar Namiq Nəbiyevin Teleqraf-ın yerli bürosuna müraciətində də məhz bu məqamlar diqqət çəkir. Namiq Nəbiyev ərazidəki yaşllıqların şəhər fonduna məxsus olduğunu bildirir. Buna baxmayaraq ərazidəki ağacların və gül kollarının qorunması və ərazidə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi kollektivinin işinə dəstək məqsədilə öz obyektlərinə aid səlahiyyətlə bir bağban müəyyən edərək ona aylıq əmək haqqı ödəyirlər. İllərdir ki , belə davam edir. Təəssüf ki, aidiyyati qurum gözlənilmədən yayın oğlan çağında yaşıllığı təmin edən suyu bağlayıb və sayğac qoyulmasını tələb edib.
Namiq Nəbiyev bu tələbin iş adamı kimi əslində onlara aidiyyatı olmadığını deyir."Bizim obyektimiz sayğaclaşıb və tam qanuni əsaslarla sudan istifadə edirik. Şəhər fonduna və şəhər təsərrüfatına məxsus parkdakı yaşıllıqlar üçün zəruri addımların atılması bizə deyil Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə aid məsələlırdir. Bizim niyyətimiz sadəcə illərdir ki, qorunması üçün əmək sərf etdiyimiz ağacların bu istilərdə və susuzluq şəraitində məhv olmasının qarşısını almaqdır. Üzülürük və audiyyati qurumlardan dəstək umuruq".
Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini öyrəndik. Mingəçevir Su Kanal İdarəsinin rəisi Elmar Əhmədovun Teleqraf-ın yerli bürosuna verdiyi məlumata görə onlar şəhəri içməli su ilə təmin edir, yaşıllıqlarla bağlı zəruri olan məsələlər isə yaşıllıqlara məsul olan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi ilə qarşılıqlı müqavilə əsasında həll olunur .
"Mingəçevirdə içməli su xəttinə alternativ olan sonradan çəkilmiş suvarma xətti mövcuddur və həmin xətt Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən idarə olunur.Amma bəzi ərazilər var ki, suvarma üçün ora su yetişmir. Belə hallarda Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi ilə müqavilə imzalayıb sayğac quraşdırır və ərazini su ilə təmin edirik.Hazırda 9 belə ərazi üzrə müqaviləmiz var. O ki , qaldı sahibkarın qaldırdığı məsələyə və su verilişinin dayandırılmasına bəli həmin ünvandakı xəttin mənbəyi idarəmizə məxsus su ehtiyatlarıdır. Sayğacı olmadığı üçün müvəqqəti dayandırmışıq və araşdırma aparırıq. Bilmək istəyirik , görən nədən indiyədık ora sayğac qoyulmayıb".
Yaşıllaşdlrma və Sanitar Təmizlik İdarəsi isə sayğacın ərazidıki obyekt sahibləri tərəfindən qoyulmasını təkid edir. İdarənin rəisi Tahir Abdullayevin Teleqraf-ın yerli bürosuna verdiyi məlumata görə yaşıllıqlar şikayətçi tərəfin obyekt və atraksionlarının çevrəsində yerləşdiyi üçün yaşılllqlara qulluq və suvarma işlərinin məsuliyyəti də onlara aiddir".