Mehman İsmayılov: “Subyektiv düşüncəmə görə, Türkmənistanın Ermənistanla bağlı apardığı siyasət düzgün siyasət deyil”
Ermənistan prezidenti Vahan Xaçaturyan Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Açıq dənizə çıxışı olmayan ölkələrin üçüncü (3-cü) konfransında iştirak etmək üçün sözügedən şəhərə səfər edib.
Açıq dənizə çıxışı olmayan ölkələrin 3-cü beynəlxalq konfransına Ermənistanın nə dəxli var? Ermənistan özü özünü blokadaya salıb. Ermənistanın açıq dənizə çıxması nə dərəcədə mümkün olmayan bir məsələdir?
Türk Dövlətləri Təşkilatının üzvü olan Türkmənistanın Ermənistana belə bir imkan yaratması, belə bir qapı açması nə qədər doğrudur? Ermənistan hələ Azərbaycanla sülh sazişi imzalamayıb, sülhə yaxın gəlmir, sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı hələ məlum deyil, o Azərbaycana qarşı 30 il ağır təcavüzlə məşğul olub. İndi Türkmənistan Ermənistana kömək etməyə başlayıb. Ekspertlər buna necə baxır? Belə türk həmrəyliyi olar?Azərbaycanla sülh müqaviləsi imzalanmamış Ermənistana münasibətdə belə nəfəsliyin məhz türk dövlətləri tərəfindən açılması nə deməkdir?
“Ermənistan prezidentinin Türkmənistana səfər etməsi sadəcə piardan başqa cür dəyərləndirilə bilməz”
Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə “Birincisi, biz onu unutmamalıyıq ki, 1995-ci ildə Türkmənistan özünün neytral dövlət olduğunu elan edib və BMT tərəfindən bu təsdiq edilib. Türkmənistan müstəqilliyinin ilk illərindən heç bir hərbi bloka, yaxud digər birliklərə qoşulmamaq haqqında qərar verib və bu qərara da bugünə qədər əməl edir. Türkmənistan müstəqilliyinin ilk illərindən Rusiya Federasiyasının qarşısında potensial təhlükədən ehtiyatlanaraq neytrallıq statusu elan etdi. Uzun müddətdir ki, Türkmənistan öz qazını Rusiya vasitəsilə dünyaya ixrac edir. Rusiyanın basqınından, təzyiqindən çəkinən Türkmənistan rəhbərliyi özü üçün neytral status qəbul etdi. Belə düşündülər ki, neytrallıq Rusiyadan gələn təhlükələrdən Türkmənistanı qoruyacaq”-deyə bildirdi.
M.İsmayılovun sözlərinə görə, Rusiya isə Türkmənistandan təbii qazı, neft və neft məhsullarını alıb öz istədiyi qiymətə dünya bazarında satdı. M.İsmayılovun fikrincə, Türkmənistanın seçdiyi bu neytrallıq yolu, əlbəttə ki, doğru yol deyil: “Bilirsiz ki, türkmənlər Oğuz türkləridir və bunlar indi yaşadıqları əraziyə bizim eranın VIII əsrində gəliblər. Türkmənlərin bu gün apardıqları siyasət, Türk Dövlətləri Təşkilatına qoşulmamaq, heç bir bloka üzv olmamaq, heç bir birliyə daxil olmamaq və daxil olmaq barədə müraciət etməmək siyasəti, əlbəttə, enində-sonunda Türkmənistanı çətin bir duruma salacaq. Çünki Türkmənistanın qonşuları rahat qonşular deyillər. Subyektiv düşüncəmə görə, Türkmənistanın Ermənistanla bağlı apardığı siyasət isə düzgün siyasət deyil. Birincisi, Ermənistanın düşdüyü indiki blokada vəziyyətinin günahkarı Ermənistan özüdür. Azərbaycana qarşı həyata keçirdiyi aqressiv müharibəyə görə Ermənistan indi yarımmühasirə şəraitindədir. Halbuki, Ermənistan Azərbaycanın və Türkiyənin ərazisindən keçmək şərti ilə dənizlərə çıxa bilərdi. Türkmənistan Ermənistanı blokadadan çıxaracaq vəziyyətdə deyil. Çünki bunlar həmsərhəd dövlətlər deyillər. Üstəlik, Türkmənistan Ermənistanın dənizə çıxışını necə təmin edə bilər? Ermənistan bu gün Gürcüstan vasitəsilə, Yuxarı Lars yolu ilə Rusiya ilə əlaqə saxlayır. Yuxarı Lars yolu qışda qar uçqunlarından, buzlaşmadan, yaz, yay və payız aylarında sellərin təhlükəsindən tam işlək vəziyyətdə ola bilmir. Bu da Ermənistanın öz suçudur”.
M.İsmayılovun sözlərinə görə, bu gün Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdıra bilsə, Türkiyənin ərazisindən isti dənizlərə çıxa, Azərbaycanın ərazisindən Rusiya ilə əlaqə saxlaya, Gürcüstanla daha rahat yolla əlaqə saxlaya bilər. M.İsmayılov qeyd etdi ki, Ermənistanın Rusiya ilə əlaqə saxlamaq üçün mövcud Yuxarı Lars yolu həmişə problemli bir marşrutdur: “Amma indi Türkmənistan Ermənistanla bağlı hansı addım ata bilər ki, Ermənistanı bu blokadadan çıxarsın? Torpağın üstündə heç bir real addım atılması mümkün deyil. Bu real deyil ki, Türkmənistan Ermənistanı logistika, nəqliyyat blokadasından çıxara bilsin. Belə bir durumda Ermənistan prezidentinin Türkmənistana səfər etməsi sadəcə piardan başqa cür dəyərləndirilə bilməz. Çünki bu gün Türkmənistanın elə bir potensialı, coğrafi şəraiti yoxdur ki, Ermənistanı düşdüyü bu blokada vəziyyətindən çıxara bilsin. Ermənistanın logistika, nəqliyyat blokadasından çıxıb dənizlərə yol almasının tək yolu Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Türkmənistanın isə, artıq Rusiya qarşısında keçirtdiyi qorxu hissi, təhlükə hissi keçməlidir. Çünki Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfər etməsi, Qarabağa getməsi onu göstərdi ki, Azərbaycan və Türkiyə Türkmənistanı aktiv siyasətə, Türk Dövlətləri Təşkilatına dəvət edirlər. Öz qazının öz ərazisindən, yaxud Azərbaycan üzərindən dünya bazarına çıxardılmasını təklif edirlər. Yəni bu neytrallıq axirət gününə qədər davam edə bilməz. Rusiyanın qarşısında Türkmənistan rəhbərliyinin keçirtiyi qorxu da çoxdan keçib getməli idi. Çünki Azərbaycan bunu 44 günlük savaşda, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində bütün dünyaya göstərdi ki, ilk olaraq Azərbaycan Rus imperiyasını Güney Qafqazın ərazisindən sökməyə başladı. İndi də Ukrayna xalqı Zelenskinin rəhbərliyi ilə o siyasi xətti davam etdirir. Belə olan təqdirdə Oğuz eli, Oğuz türkü olaraq türkmənlər, əlbəttə, Azərbaycanın, Anadolu türklərinin yanında yer almalıdırlar və Ermənistanla deyil, Azərbaycanla, Türkiyə ilə, Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla, Tacikistanla münasibətlər qurmalıdırlar, rus təhlükəsinin, rus qorxusunun üstündən xətt çəkməlidirlər, yoxsa Ermənistanı Türkmənistanın hansısa iqtisadi və ticari, başqa bir tərəfdən logistika, nəqliyyat blokadasından çıxarması mümkün deyil. Bu, sadəcə, atılmış bir piar addımıdır. Bunu bu cür dəyərləndirirəm”.
İradə SARIYEVA