Azərbaycanın içməli su bazarında müxtəlif adda, çeşiddə sular satılır. Hazırda yay fəsli olduğundan suya tələbat yüksəkdir. Ancaq son günlər “Slavyanka” su brendi ilə bağlı narazılıqlar səslənir.
Müştərilər sosial şəbəkədə narazılıq edərək bildirir ki, şirkət yaşıllaşmış, qablaşdırması yosunlamış su satır.
Şikayətçi Faxa adlı şəxs bildirib ki, aldığı “Slavyanka” suyu 2 gün sonra yaşıllaşıb: “2 gündən sonra su bu hala düşüb. “Slavyanka”nın qaynar xəttinə zəng vurub bildirdim ki, sizin suyunuz yaşıllaşıb. Mənə deyirlər, suyu günəş altına qoymusuz, ona görə belə olub. Halbuki, su evin içində olub. Özlərinin savadı yoxdur, camaatı da savadsız yerə qoyublar”.
Ançaq şikayətlər bununla bitmir. Şikayətçi Sevinc Quliyeva da bildirib ki, o da əvvəllər bu sudan istifadə edib və çox pis iy gəldiyini görəndən sonra imtina edib.
Kamilə Əlizadə də bildirib ki, sonuncu dəfə “Slavyanka” alanda qabın dibində yosunlar əmələ gəldiyini görüb.
Müştərilərin məlum şikayətini nəzərə alıb, şirkətlə əlaqə saxladıq.
“Slavyanka” Su Şirkəti: “Laboratoriyanın cavabından sonra ictimaiyyətə geniş məlumat veriləcək”
“Slavyanka” Su Şirkətindən “Bakı-Xəbər”ə bildirildi ki, məsələ araşdırılır: “Sular laboratoriyaya göndərilib. Laboratoriyanın cavabından sonra ictimaiyyətə geniş məlumat veriləcək”.
Fərqanə Nağıyeva: “Günəş altında qalan suların sonradan soyudularaq satılması, içilməsi düzgün deyil”
Qida eksperti Fərqanə Nağıyeva "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu gün satışda olan hazır qablaşdırılmış suların hansının tərkibinin daha təmiz olduğu heç kəsə məlum deyil: “Çünki hansı sular krandan doldurulub, hansılar bulaq suyudur, bilinmir. Vətəndaş ancaq suyu evində qaynadandan sonra çaydanın dibində yaranmış ərpə görə bilə bilər ki, o su təmizlənmiş sudur, ya yox. Bəzi insanlar hesab edir ki, bahalı su daha keyfiyyətli və təmizdir. Ancaq bu əsla belə deyil. Təəssüf ki, bəzi dükanlar suları günlərlə günün altında saxlayır. Günəş altında qalan suların sonradan soyudularaq satılması, içilməsi düzgün deyil. Bu cür sular soyuducuda və ya sərin yerdə, günəş şüası düşməyən yerlərdə, anbarlarda saxlanılmalıdır. Yol kənarında, günəş altında saxlamaq düzgün deyil”.
Günel CƏLİLOVA