Çinin cənubunda yerləşən Guangdong əyalətinin Foşan şəhərində ağcaqanadlar vasitəsilə yayılan çikungunya virusuna yoluxanların sayı 7 mini ötüb.
7News.Az China Daily qəzetinə istinadən xəbər verir ki, Foşanda çikungunya virusu hallarında artım müşahidə olunub. Yerli rəsmilərin açıqlamasına əsasən, şəhərdə qeydə alınan yoluxma sayı 7 min nəfəri keçib.
Rəsmilər bildiriblər ki, infeksiyanın qarşısını almaq və nəzarət altına almaq məqsədilə görülən tədbirlər nəticəsində şəhər üzrə yoluxma sürəti azalmağa başlayıb. Xüsusilə virusdan ən çox təsirlənmiş Shunde bölgəsində son 5 gündə yoluxma hallarında azalma qeydə alınıb.
Bununla yanaşı, Guangdong əyalətində əlverişsiz hava şəraitinin ağcaqanadların fəallığını artırdığı və bunun təhlükəni davam etdirdiyi qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağcaqanad sancması ilə yayılan çikungunya virusu insanlarda qızdırma və oynaq ağrılarına səbəb olur. Ölüm hallarına nadir rast gəlinən bu virus üçün hazırda təsdiqlənmiş 2 vaksin mövcuddur.