AZ

Dağ başına qoyulan “Şkendiya” budur? – MARAQLI FAKTLAR

Çempionlar Liqasındakı təmsilçimiz bu gün növbəti oyuna çıxacaq.

“Qarabağ” bir nömrəli klub turnirinin III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Skopyedə “Şkendiya”nın qonağı olacaq.

Şimali Makedoniyanın son çempionu avrokuboklarda ciddi uğura sahib olmasa da, “bərk qoz” sayıla bilər.

“Qırmızı-qaralar”ın klub turnirlərindəki çıxışları ilə bağlı bir sıra maraqlı məqamları diqqətinizə çatdırırıq.

* “Şkendiya” avrokuboklarda 2011/12 mövsümündən iştirak etməklə üç fərqli turnirdə 57 oyun keçirib.

* “Şkendiya” 2011-ci ildən bu yana 2013/14 mövsümü istisna olmaqla hər il avrokuboklarda mübarizə aparıb.

* “Şkendiya”nın yolu bizimkilərlə yolu iki dəfə kəsişib. 2016/17 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırıb (1:0, 0:0). 2020/21 mövsümündə koronavirus pandemiyasına görə cütün taleyi bir oyunun nəticəsindən asılı olduğuna görə, Avropa Liqasının I mərhələsində ölkəmizdə “Sumqayıt”i 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

* “Şkendiya” indiyə qədər qrup mərhələsinin ləzzətini yaşamayıb. İki dəfə Avropa Liqasının pley-offunda, bir dəfə Çempionlar Liqasının, bir dəfə Konfrans Liqasının III mərhələsindən qayıdıb.

* “Şkendiya”nı ev komandası adlandırmaq çətindir. Doğma meydanda keçirdiyi 29 qarşılaşmanın 11-də uduzub, 3-də bərabərə qalıb, 15-də qələbə qazanıb.

* “Şkendiya” 2020-ci ildən bu yana Skopyedə meydana çıxdığı 10 oyunun 5-də qalib gəlib, 1-də heç-heçə oynayıb, 4-də uduzub.

* “Şkendiya” ötən mövsüm mübarizəni Konfrans Liqasının I mərhələsində dayandırıb. Ermənistan təmsilçisi “Noah” makedonları hər iki dueldə üstələyib – 2:1, 2:0.

Göründüyü kimi, “Qarabağ”ın rəqibi keçilməz deyil. Ötən həftə FCSB-ni Çempionlar Liqasından kənarlaşdırmasına baxmayaraq, “Qarabağ” bu komandanın öhdəsindən gələ bilər.

Sadəcə, rəqibi qiymətləndirmək və oyun intizamına sadiq qalmaq mütləqdir.

Bu axşam “National Arena Todor Proeski” stadionunda gerçəkləşəcək duel Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
8
sportinfo.az

1Mənbələr