AZ

Astarada icra nümayəndəsinə görə işıqsız və susuz qalan ailə: “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Astara rayonunun Siyaku kənd sakini Nail Həbibov kəndin icra nümayəndəsi Xəlil Zahirovdan şikayətçidir.

Bizimyol.info xəbər verir ki, Nail Həbibovun ailəsi bu qızmar yay günlərində həm susuz, həm də işıqsız qalıb. O deyir ki, səbəbkar da icra nümayəndəsidir. Çünki Həbibovların yaşadığı evə gələn elektrik xəttini kəsib atıb.

Siyaku kəndində bir neçə evi, o cümlədən Həbibovlar ailəsini elektrik enerjisi ilə təmin edən elektrik xəttinin gedib birləşdiyi dirək Siyaku kənd icra nümayəndəsi Xəlil Zahirovun həyətində yerləşir.

Nail Həbibov bildirir ki, elektrik dirəyi icra nümayəndəsinin həyətində yerləşdiyinə görə, başqa sakinlər kimi, 20 il əvvəl onun evi üçün də işıq xətti oradan çəkilib: “Hamı bilir ki, harada yaxın elektrik dirəyi varsa, işıq xətti çəkiləndə oradan götürülür. Bizim üçün də 20 il əvvəl çəkiləndə icra nümayəndəsinin həyətindəki dirəkdən götürülüb. Artıq xətlər köhnəlib, dəyişmək üçün kabel aldım, yenilədik. Gəlib bunu görüb, evimə gələn işıq xətlərini kəsib atıb. Nə qədər özüm dedim, kənd ağsaqqalları dedi, yola gəlmədi. Elə deyir ki, həyət mənimdir, özüm bilərəm. Belə özbaşınalıq olar?”

Nail Həbibov deyir ki, evdə elektrik enerjisi olmadığına görə su nasosları da işləmir. Ailəsi yay günlərində çətin vəziyyətdə qalıb. Avqustun 1-də kabellər kəsilib yerə atılandan bu yana həm işıqsız, həm də susuz qalıblar:

“Mənə böhtan da atır ki, guya icazəsiz həyətinə girmişik. Faktiki “Azərenerji”nin Lənkəran regonal idarəsinə müraciət olunub, yerli idarənin əməkdaşları xətti yeniləyib. Ayrıca sayğacım var, nə qədər elektrik enerjisindən istifadə eləmişəmsə, onun da pulunu ödəmişəm. Axı bu adama bir ziyanı yoxdur... Amma deyir ki, mən icra nümayəndəsiyəm, nə istəyirəm, onu da eləyirəm, get, hara şikayət eləyirsən, elə”.

Bu məsələ ilə əlaqədar tərəflər arasında mübahisə yaranıb. Nail Həbibov bildirir ki, icra nümayəndəsi və ailə üzvləri onun evinə hücum edib. Bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. Dərhal polis əməkdaşları gəlib: “Özümün və ailəmin təhlükəsizliyinə görə narahatam”.

Siyaku kənd icra nümayəndəsi Xəlil Zahirov Bizimyol.info xəbər portalına açıqlamasında ünvanına səslənən ittihamlara cavab verib. O bildirib ki, təkcə Nail Həbibovgilin evi deyil, əlavə 7 evin də işığı onun həyətindəki elektrik dirəyinə bağlıdır. Onun sözlərinə görə, 1998-ci ildə ev tikəndə öz vəsaiti hesabına elektrik xətti çəkdirib, dirəyi, naqilləri alıb: “2003-cü ildə islahat gedəndə qonşuluğumda Həbibov Əbdülhüseynə kənd təsərrüfatı təyinatlı torpaq verildi. Orada feyxoa ağacları əkdi. Mən Rusiyada olanda yoldaşımdan xahiş eləyib, o da mənə xəbər verdi ki, qonşu su nasosu üçün elektrik enerjisi istəyir. 20 ilə yaxın elektrik enerjisindən istifadə elədi”

İcra nümayəndəsi bildirib ki, Həbibovlar orada həmçinin ev tikiblər: “İki il əvvəl ona dedim ki, məndən bir nasos üçün elektrik istəmişdin, iki ev tikmisən, indi üç nasos üçün istifadə edirsən. Get, özün üçün ayrıca dirək qoydur, xətt çəkdir. O da dedi ki, dövlət mənim üçün işlətdiyim elektrik enerjisinə görə sayğac qoyub, onun pulunu özüm ödəyirəm. O zaman ona dedim ki, mən sənin xəttini kəssəm, neyləyərsən? Dedi ki, gedib icra hakimiyyətinə səndən şikayət eləyərəm. Mən də eləmədim onda”.

Xəlil Zahirov etiraf edir ki, onun evindən sonrakı evlərə dövlət tərəfindən ayrıca işıq xətti çəkilməyib. Bu səbəbdən sakinlər icra nümayəndəsinin həyətindəki işıq dirəyinə qoşulmaq məcburiyyətində qalıblar.

Son hadisəyə gəlincə, icra nümayəndəsi iddia edir ki, qonşu köhnə kabelləri dəyişməsəydi, problem yaranmayacaqdı: “Montyor gətirib, içəri giriblər, 16 diametrlik xətlə çəkib aparıblar. Özbaşına dəyişdi xətti. Dəyişməsəydi, işləyirdi. O, mənim şəxsi dirəyimdir. Öz pulumla almışam”.

Siyaku kəndinndə sakinlərin elektrik enerjisinə görə icra nümayəndəsindən asılı vəziyyətdə qalması ilə bağlı suala Astara Rayon İcra Hakimiyyətindən cavab almaq cəhdimiz isə baş tutmayıb.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
bizimyol.info

1Mənbələr