AZ

Avaran kəndində müasir içməli su infrastrukturu istifadəyə verildi - FOTOLAR

Avqustun 5-də “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və bp şirkətinin maliyyə dəstəyi ilə Qusar rayonunun Avaran kəndində yaradılmış müasir içməli su təchizatı infrastrukturunun açılış mərasimi keçirilib.

QHT.az xəbər verir ki, mərasimdə qonaqları salamlayan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov regionlarda əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışaraq, Qusar rayonunun Avaran kənd sakinlərinin uzun illər içməli suyun problemindən əziyyət çəkdiyini və bu layihənin yerli sakinlərin təmiz içməli suya çıxışının təmin edilməsində əhəmiyyətini vurğulayıb. Layihənin kəndin sosial rifahına, əhalinin sağlamlığına və ümumi həyat şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini qeyd edib.

Sonra bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli sosial məsuliyyət təşəbbüsləri çərçivəsində ölkənin müxtəlif regionlarında icmaların inkişafına yönəlmiş layihələrə xüsusi önəm verdiyini, Avaran kəndində müasir su təchizatı infrastrukturunun yaradılmasının da bu strategiyanın tərkib hissəsi olduğunu vurğulayıb və layihənin uğurla icrası üçün əməkdaşlıq edən bütün tərəfdaşlara minnətdarlığını bildirib.

Kənd icma nümayəndələri bu nəcib təşəbbüsün reallaşdırılmasında əməyi keçən bütün qurumlara təşəkkürünü bildiriblər.

Rəsmi açılışdan sonra tədbir iştirakçıları nasosxana məntəqəsinə baxış keçirib. Podratçı “İSFA” MMC-nin direktoru Samir Xeyirbəyov bildirib ki, Cağar Cibir su kanalından kəndin su təchizatı üçün 1,4 km məsafədən su xətti çəkilmiş, 10000m³ həcmində su tutar və 2000 m³ həcmində lil çökdürmə hovuzu yaradılmış, membran döşənmiş, nasosxana və filter məntəqəsi tikilmiş, qurğu və avadanlıqların elektrik təchizatı üçün elektrik xətti çəkilmiş, transformator, 3 mərhələli filter sistemi, motorlar, su çənləri və sayğaclar quraşdırılmışdır. Layihənin birinci hissəsinin icrası çərçivəsində kənd daxili şəbəkə qurularaq 125 ev təsərrüfatının su təchizatı təmin edilmişdir.

Daha sonra qonaqlar evlərdən birində su təchizatına baxış keçiriblər.

Qeyd edək ki, layihənin davamı olaraq ilkin sonunadək Avaran kəndinin qalan 263 ev təsərrüfatına da daxili su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq.

Seçilən
39
1
qht.az

2Mənbələr