2025/2026 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu – İbrahim Sanqare ilə gücləndirib.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Əslən Kot-d’İvuardan olan fransalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
İbrahim Sanqare İtaliyanın “Andria” klubunun yetirməsidir. O, Fransada “Genqam”, “Entente”, “Şambli”, “Avranş”, “Le Puy”, “Oser”, “Orleans”, “Kretey”, Türkiyədə “Menemenspor”, “Girəsunspor”, Kiprdə “Otellos” kimi klubların da formasını geyinib.
Sanqarenin sonuncu iş yeri İsrail təmsilçisi “Hapoel” (Hadera) olub. Təcrübəli hücumçu bu komandanın heyətində 23 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Qəbələ” daha öncə İsaak Amoa, Paulo Kimbila, Adriel Ba Lua və Eduardo Kundeni də heyətinə qatmışdı. Prins Ovusu, Qədir Ramazanov və Elnur Mustafayevlə yeni müqavilə imzalanıb. Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Xəyyam Məmmədli (“Baku Sportinq”, icarə), Elvin Yunuszadə, Sənan Ağalarov (“Baku Sportinq”, icarə) və Ürfan İsmayılov da komandanı tərk ediblər.