Bakı, 5 avqust, AZƏRTAC
Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” adlanan ərazidə salınan Mərkəzi Parkın ərazisinin genişləndirilməsi olduqca yaxşı təşəbbüsdür. Çünki son 20 ildə, xüsusən “neft bumu”ndan sonra paytaxt Bakıda tikinti artıb, urbanizasiya sürətlənib. Eyni zamanda, son illər paytaxtımızda çoxlu mədəniyyət və istirahət parkları salınıb, yaşıllıqlar artıb. Paytaxtın nəqliyyat infrastrukturunun yaşıl texnologiyalara əsaslanması sevindiricidir. Bir könüllü təbiətsevər olaraq velosipeddən istifadə edir, tez-tez Bakının Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarının ərazilərini gəzib monitorinqlər aparıram. Həmin rayonların ərazisində yaradılmış nümunəvi məhəllələr göz oxşayır və sakinləri çox razı salır. Xüsusən yaşadığım Xətai rayonunda görülən işlərdən sakinlər çox razılıq edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
İctimai Birliyin sədri fikirlərinə belə davam edib: "Xətai rayonunun ərazisində iki böyük, möhtəşəm mədəniyyət və istirahət parkı var. 43 hektarlıq “Gənclik parkı” bu gün paytaxt sakinlərinin ən sevimli istirahət məkanına çevrilib. 300 mindən çox ağac əkilmiş parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb. Parkda velosiped və skuter yolları salınıb, attraksion quraşdırılıb. Ukrayna dairəsinin yaxınlığında yerləşən Heydər Əliyev Parkının da ərazisi genişləndirilib. Əvvəllər 4 hektar olan parkın ərazisi indi 14 hektara çatdırılıb. Həmin park sakinlərin, kənardan gələn insanların sevimli istirahət yerinə çevrilib. Hər iki parkda piknik üçün gözəl şərait var. Yayın isti günlərində paytaxtı tərk edib, ölkənin dilbər guşələrinə üz tuta bilməyənlər üçün istirahətin ünvanı bu mədəniyyət və istirahət parklarıdır”.
Elman Cəfərli vurğulayıb ki, Yasamal əhalisinin sayına görə, paytaxtın ən iri rayonlarından biridir. Həm də paytaxtın mərkəzi rayonudur. Burada parkların sayı çox, ərazi isə geniş olmalıdır. “Son illər Bakıya gələn xarici turistlərin sayı artıb. Əcnəbi turistlərin diqqətini isə yeni göydələnlər, daş-beton tikililər o qədər də çəkmir. Mədəniyyət obyektləri: muzeylər, teatrlar sərgi salonları başqadır. Amma “şəhər içində kənd” konsepsiyası hər zaman diqqətçəkici və maraqlıdır. Yasamal parkının ərazisinin genişləndirilməsi ilk növbədə ərazidə yaşayan sakinləri, bütövlükdə Bakı əhalisini razı salacaq. Parkın ərazisinin genişləndirilməsi yaşıllıq sahələrinin artması deməkdir”, - deyə o diqqətə çatdırıb.