AZ

Bir il əvvəl müharibə vəziyyətində idilər, bu gün isə... İran-Pakistan yaxınlaşmasının pərdəarxası...


Əli Orucov: "İsrail-ABŞ ittifaqının İrana hava zərbələri zamanı - 12 günlük müharibədə İrana ən ciddi dəstək verən ölkə məhz Pakistan oldu"

İran Prezidenti Məsud Pezeşkianın Pakistana səfəri zamanı 11 əməkdaşlıq müqaviləsi imzalanacaq.

Bunu İranın İslamabaddakı səfiri Rza Əmiri Moqadam deyib.

Onun sözlərinə görə, Pezeşkianın Pakistana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.

"İslam dünyasının taleyi ilə bağlı mühüm məsələlərdə həm Pakistan, həm də İran həmrəylik nümayiş etdirir. Ümid edirik ki, bu səfər zamanı biz yeni əməkdaşlığın əsaslarını möhkəmləndirə biləcəyik", - Moqadam bildirib.

Diplomatın sözlərinə görə, İran və Pakistan arasında ticarət dövriyyəsi son iki ildə 500-550 milyon ABŞ dolları artıb və hazırda 3,1 milyard dolları ötüb: "İran nümayəndə heyətinin Pakistana səfəri zamanı 11-ə yaxın sənəd və birgə bəyanat imzalanacaq. Ən qısa müddətdə iki ölkə arasında azad ticarətin yaradılması məsələsi də müzakirə olunacaq. Nəqliyyat sektorunda Pakistanın müxtəlif şəhərlərindən İrana dörd yeni reysin açılması planlaşdırılır ki, onların arasında ən önəmlisi İslamabad ilə Tehran arasında olacaq – bu marşrut üzrə son 20 il ərzində birbaşa uçuşlar həyata keçirilməmişdi".

Əlbəttə, bu hər halda həm bölgə, həm də İslam dünyası üçün olduqda müsbət haldır. Amma bu yaxınlaşma hansı amillərlə izah edilə bilər? Hətta 2024-cü ilin yanvar ayında bu iki ölkə arasında atışma da olmuşdu. İran Pakistan ərazisində bəluclar yaşayan ərazini bombalamış, Pakistan da İrana cavab zərbələri endirmişdi. İndiki yaxınlaşma nə ilə izah edilə bilər və bu yaxınlaşma regionda nəyə gətirib çıxara bilər?

Baki-xeber.com-a açıqlamasında politoloq Əli Orucov bildirdi ki, İranla Pakistan arasında münasibətlər heç də həmişə hamar olmayıb, zaman-zaman qarşılıqlı ittihamlarla və gərginliklə də müşahidə olunub: "Tehranın İslam dünyasına liderlik iddiası və qatı məzhəbçilik xətti nəticə etibarı ilə qonşu dövlətlərlə, o cümlədən də Pakistanla soyuqlaşmaya gətirib çıxarmışdı. Lakin İranın beynəlxalq aləm tərəfindən sanksiyalara məruz qalması və təklənməsi onu yumşalmalara məcbur etdi. Eyni zamanda, İranın yeni prezidenti Məsud Pezeşkianın sərgilədiyi proqressiv siyasəti müəyyən dönüş yaradıb. M.Pezeşkian İranın izolyasiyadan çıxış yolunun əməkdaşlığa və etimada söykəndiyini anladığından, mühafizəkarlardan tam fərqli mövqedədir. Pakistanla İran hər ikisi Asiyanın böyük ölkələrindəndir və onların böyük potensialları var. Ticari-iqtisadi tərəfdaşlıq üçün geniş imkanlara malikdirlər.

İsrail-ABŞ ittifaqının İrana hava zərbələri zamanı - 12 günlük müharibədə İrana ən ciddi dəstək verən ölkə məhz Pakistan oldu. Yəqin ki, Tehran bu məqamı da diqqətə almamış deyil. Əgər ali dini rəhbərin və onunmühafizəkar qanadının maneçiliyi olmasa, prezident Pezeşkianın səyləri öz müsbət nəticələrini verə bilər. Tehran daha çox maraqlı olmalıdır ki, ona dost əlini uzadanların əlini geri çevirməsin. Xüsusən də nüvə arsenalına və böyüyən iqtisadiyyata malik Pakistanla əməkdaşlığın genişləndirilməsi Tehrana xeyli üstünlüklər qazandırır".

Dəniz NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr