ain.az, Operativ MM portalına istinadən məlumat verir.
Siyasətdə qərarların qəbul edilməsi nə qədər əhəmiyyətlidirsə, bu qərarların nə vaxt qəbul edilməsi də bir o qədər əhəmiyyətlidir. Çünki qərarların implementasiyası, yəni həyata keçirilməsi bir çox şərtlərdən asılı olur. Hazırda Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün geostrateji və geosiyasi şərtlər uyğun kimi görünür. və Əbu-Dabi görüşündən sonra hər iki tərəf, yəni Ermənistan və Azərbaycan, sinxron qaydada təqribən eyni məlumatı yaymaqla sülh sazişi layihəsinin parafladığını bəyan etmişdilər.
"Operativ Məlumat Mərkəzi-OMM"-ə mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, mümkün layihənin imzalanması ilə bağlı artıq ciddi bir maneə yoxdur.
"Amma biz bilirik ki, dünyada və regionda baş verən mürəkkəb hərbi-siyasi proseslər kontekstində, Cənubi Qafqaz kimi xüsusi əhəmiyyətli bir regionda sülhün hansı şərtlərlə, necə əldə olunması da bəzi regiondankənar aktorların və yaxud qlobal güc mərkəzlərinin marağı dairəsindədir. Ona görə də Amerika Birləşmiş Ştatlarında belə bir görüşün keçirilməsi və sülh üçün, daha doğrusu, belə bir görüşün keçirilməsi, sülh imzalayacaq tərəflərin heç birinin rəsmiləri tərəfindən təkzib olunmayıb, amma təsdiq də olunmayıb".
Müsahibimizin sözlərinə görə, bu görüş mümkündür və məntiq də onu deyir ki, Əbu-Dabidə mümkün çərçivə sazişi paraflandıqdan sonra, demək Amerika Birləşmiş Ştatlarında onun imzalanması da mümkündür. Ancaq bəzi detallar var ki, onların da razılaşdırılması sülh müqaviləsi layihəsindən kənar, şifahi şəkildə ya da sülh müqaviləsinin mətninə daxil edilməklə çox vacibdir. Bu, Zəngəzur dəhlizidir.
"Zəngəzur dəhlizi ilə də bağlı Amerika Birləşmiş Ştatlarının mövqeyi və təklifləri var. Biz belə nəticəyə gəlməliyik ki, belə bir görüş Amerika Birləşmiş Ştatlarında keçirilirsə, demək o təkliflər də qəbul edilib. Yəni, dəhlizin Amerika şirkəti tərəfindən 100 illik icarəyə götürülməsi ilə bağlı belə çıxır ki, artıq şifahi razılaşma var və bu, Amerika Birləşmiş Ştatlarında keçirilməsi ehtimal edilən mümkün görüşdə artıq rəsmiləşdirilə bilər. Bu isə Cənubi Qafqazda geostrateji kontekstdə inqilabi dəyişikliyə gətirib çıxaracaqdır, ədalətli və uzunmüddətli sülh üçün ciddi əsaslar yaradacaqdır.
Amma nəzərə almaq lazımdır ki, bütün hallarda sülhə qarşı risklər var. Heç də bütün güc mərkəzləri bu şəkildə sülhün bərqərar olunmasını istəmirlər və onların müəyyən ekstraordinar addımları ola bilər ki, hazırkı şərtlərdə bunun baş vermə ehtimalı da çox azdır. Və beləliklə, biz əgər hər hansı bir siyasi fors-major müşahidə etməsək, yəqin ki, Amerika Birləşmiş Ştatlarında Ermənistan və Azərbaycan sülh üçün yaxşı bir zəmin, hüquqi zəmin əldə etmiş ola bilərlər", - deyə Hikmət Babaoğlu vurğuladı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.