Azərbaycan Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) heç bir medal qazana bilməyib. Ölkəmizin bu sahədəki geriləməsi region ölkələri ilə müqayisədə də diqqət çəkir. Belə ki, Türkiyə 10-cu, İran 12-ci, Qazaxıstan 17-ci, Özbəkistan 28-ci yeri tutub.
Hətta Qırğızıstan, Türkmənistan, Ermənistan və Gürcüstan belə olimpiadadan medalla geri dönüb. Təəssüf ki, Azərbaycan “sıfır nəticə” ilə geri qayıdıb.
Qeyd edək ki, Azərbaycanda hər il saysız-hesabsız imtahanlar, yarışlar, olimpiadalar təşkil olunur və qalib gələn məktəblilər də yetərincədir. Hətta hər il orta məktəbi bitirənlər arasında qızıl, gümüş nişanla təltif edilənlər də olur. Məlumat üçün bildirək ki, elm və təhsil naziri Emin Əmrullayevin 16 iyul 2025-ci ildə verdiyi əmrlə təkcə bu il – 2024-2025-ci tədris ilində orta məktəbi bitirən məzunların 220 nəfəri qızıl, 41 nəfəri isə gümüş nişanla təltif edilib.
Maraqlıdır, bu kimi nailiyyətlər olduğu halda beynəlxalq olimpiadalarda niyə kənarda qalırıq?
Ilqar Orucov: “Azərbaycanın Beynəlxalq Riyaziyyat Olimpiadasından da kənarda qalmasının səbəbi bu sahədə buraxılan səhvlərlə bağlıdır”
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, beynəlxalq riyaziyyat olimpiadasında Azərbaycanın medal qazanması geniş rezonansa səbəb olub: “Bu sahədə aparılan müzakirələrdə hər kəs haqlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı intelektual potensiala malikdir. Hətta riyaziyyat sahəsində güclü elmi ənənələrlə tanınmışıq. Lakin bu ənənələrin son illərdə zəiflədiyi müşahidə olunur. Zamanında dəqiq elmlər sahəsində güclü məktəblərimiz olub. Təəssüf ki, həmin məktəblər son illər ərzində xeyli zəiflədi, hətta sıradan çıxanlar belə oldu”.
Həmsöhbətimiz qeyd etdi ki, ölkəmizdə olimpiadalara maraq yüksəkdir. Olimpiada bilik yarışmasıdır: “Arzu edərdim ki, Azərbaycan məktəbliləri həmin yarışmada medalla təltif olunsun. Məlum yarışma ilə bağlı bizi qıcıqlandıran odur ki, qonşu dövlətlər Gürcüstan, Ermənistan müvafiq medalları qazanıb, nailliyyətlər əldə ediblər. Bütün hallarda çatışmazlıqlar araşdırılmalı, harada boşluq varsa, həll olunmalıdır. Bu istiqamətdə müvafiq işlər görülməlidir”.
Ekspert hesab edir ki, Azərbaycanın Beynəlxalq Riyaziyyat Olimpiadasından da kənarda qalmasının səbəbi bu sahədə buraxılan səhvlərlə bağlıdır: “Azərbaycanın riyaziyyat sahəsində sistemli hazırlıq prosesində olan problemlərlə bağlı ola bilər. Burada ciddi koordinasiya çatışmazlığı, hazırlıq mərhələsində buraxılan səhvlər və arxayınlıq müşahidə olunur. Olimpiadaya cavabdeh olan qurum bu problemə aydınlıq gətirilməlidir.
Riyaziyyat sahəsində ölkənin uğur qazanması üçün bu istiqamətdə daha genişmiqyaslı və strateji yanaşma tələb olunur. Nəticə əldə etmək üçün hazırkı təcrübəyə yenidən baxmaq və dünya səviyyəsində qəbul olunmuş mexanizmləri tətbiq etmək lazımdır”.
Təhsil İnstitutu: “Olimpiadada iştirak edən komandamızın nəticələri tərəfimizdən təhlil edilir”
Təhsil İnstitutundan isə “Bakı-Xəbər”ə bildirildi ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzində yerli və əcnəbi mütəxəssislər tərəfindən həmin şagirdlərin hazırlıq prosesi həyata keçirilir: “Məlum olimpiadada iştirak edən komandamızın nəticələri tərəfimizdən təhlil edilir və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək”.
Günel CƏLİLOVA