BAKI, 5 avqust. TELEQRAF
Rumıniyanın FCSB klubunun prezidenti Cici Bekali “Neftçi”nin sabiq baş məşqçisi Laurențsiu Reqekamfın "ağzını tikəcək”.
Teleqraf “Digi Sport” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 50 yaşlı mütəxəssisin UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubuna uduzaraq mübarizəni dayandıran klubun baş məşqçisi Elias Xaralambusun fəaliyyətini tənqid etməsidir.
Reqekamf və Marius Şumudika ÇL-dəki uğursuzluqla bərabər derbidə “Dinamo Buxarest"ə 3:4 hesabı ilə məğlub olan mütəxəssisin işini mənfi dəyərləndirib. Bu isə FCSB klubunun sahibi, qalmaqallı açıqlamaları ilə tanınan Bekalinin xoşuna gəlməyib.
“Tənqid edən o məşqçilər – Şumudika və Reqekamf cılız əclaflardır! Ağızlarını tikmək üçün tikiş maşınına ehtiyacları var. Mən nə etdim? Kluba 16 milyon avro yatırdım. Baş məşqçi Xaralambus və köməkçisi Mihay Pintili haqqında fikrim dəyişmir. Onlar iki dəfə çempion olmaqla dəyərlərini sübut ediblər. Komandanı Avropada mümkün qədər irəli aparıblar. Siz onların etdiklərini başa düşmədiyiniz üçün bu barədə sizinlə danışa bilmirəm”, - deyə klub rəhbəri hər iki mütəxəssisə sərt cavab verib.
Qeyd edək ki, Laurentsiu Reqekamf 2022/2023 mövsümündə “Neftçi”nin baş məşqçisi işləyib. Cici Bekali bir müddət öncə "Şkendiya"nı məğlub edəcəklərini və növbəti mərhələdə potensial rəqib olan "Qarabağ"ı asan rəqib adlandırsa da, onun arzusu reallaşmamışdı.