AZ

Aytən Cavanşir: Rilslərə baxmaqla keçən ömür bir qəpiyə dəyməz

Yazıçı Aytən Cavanşir “Barışıq” romanı nəşr edilib. Onunla yeni romanı, müasir dünyada ədəbiyyatın vəziyyəti, dövrün aktual problemləri ilə bağlı söhbətləşmişik.

“Teleqraf İnformasiya Agentliyi” Aytən Cavanşirlə müsahibəni təqdim edir.

-Yazıçı olaraq ədəbiyyatı asudə vaxt keçirmə, yoxsa cəmiyyəti formalaşdıran bir qüvvə kimi görürsünüz? Məsələ ondadır ki, ədəbiyyatın miqyası, nüfuzu əvvəlki illərdəki kimi deyil. Bu bəlkə də insanların asudə vaxt alətlərinin artması ilə bağlıdır?

-Bu nə oxumağımızdan asılıdır. Yüngül, böyük ideya və ismarışlar ötürməyən əsər, təbii ki, asudə vaxt keçirməkdən savayı bir şeyə qulluq etmir. Bu, yemək yeyərkən sitkoma baxmaq kimi bir şeydir, beyin yüklənmir. İndi kitabla bərabər, asudə zamanı smartfonlar – sosial şəbəkələr vasitəsilə ötürülən yüzlərlə məzmunsuz videolar doldurur. Nəinki, gənclər, həyat görmüş insanlar vaxtlarını başları aşağı halda, baş barmaqlarını telefonun ekranına toxundurmaqla keçirirlər. Qısa, dayaz, “yumor”lu rilslərə baxmaqla keçən ömür bir qəpiyə dəyməz. Fərd olaraq hər insan bir anlıq özünü inkişaf haqda düşünsə, bu yaşam trendini dəyişmək mümkün olacaq.

-Süni intellektin ədəbiyyata təsiri haqqında nə düşünürsünüz? Sizcə, süni intellekt gələcəkdə bədii əsərlərin yazılması və ya redaktə edilməsi prosesində canlı yazıçını tamamilə əvəz edə bilərmi?

-Bu gün süni intellekt nəinki ədəbiyyata, həyatın bütün sahələrinə toxunur. Bu cür super texnoloji bilik mənbəyinin ani yaranışı bir çoxlarını hürküdür.Bundan qorxmaq lazımdırmı? Məncə, xeyr. Zamanla öyrəşəcəklər. Bir vaxtlar okeanın o tayındakı insanla video əlaqənin qurulması insanlara fantastika kimi gələrdi, indi isə bu adi haldır. Süni intellekt tərcümə sahəsini tamamilə ələ keçirib deyə bilərəm, ancaq bədii ədəbiyyatda, onun tərcüməsində vəziyyət bir qədər fərqlidir. Burada ruh, şəxsi yanaşma mühümdür. Süni intellekt isə ən nəhayətdə, hazır məlumat bazasına söykənən bir konsepsiyadır. Mən süni intellekt vasitəsilə yaradılan rəsm əsərlərini görürəm, rəng ahəngi mübahisə mövzusu deyil, ancaq mən o rəsmlərdə bir incəlik, bir ruh müşahidə edə bilmirəm. İmpressionizm hara, süni intellekt hara?...

-İtalyan dili və incəsənəti sahəsində də təhsil almısınız və "Pərdələri çəkin" kitabınızda retro kino və musiqi ulduzlarının həyatından bəhs etmisiniz. Bu kitab necə yarandı və nəyə xidmət etdi? Ümumilikdə, kitablarınızda nostalgiyaya meyil güclüdür. Bu meylin əsaslı səbəbləri varmı?

-Mən uşaqlıqdan İtaliya və Fransa incəsənətinə vurğun olmuşam, böyüdükcə bu maraq daha da dərinləşdi. Elə uşaqlıqdan da paralel olaraq, öz dünyamda yaşayırdım, uydurma adlarla beynimdə obrazlar yaradır və heç kim görmədikdə öz-özümə dialoqlar qurur, səhnəcik yaradırdım. Qəhrəmanlarımın məkanları da elə o vaxtdan tək Azərbaycana aid olmurdu. Mediada çalışarkən böyük bir layihəmiz vardı, sonradan onu kitab halına gətirməyi qərara aldım və ora yeni qəhrəmanlar əlavə etdim, kitab 2015-ci ildə çap olundu. Bu,Azərbaycan oxucusuna bir töhfəm idi. Mən bu kitabdakı bütün aktyorları, filmləri və musiqiçiləri gözəl tanıyırdım, ancaq istəyirdim ki, məsələn, Domeniko Modunyo, Nino Manfredi və ya Plasido Dominqonu tanımayanlar da, kitabda onları görüb kəşf etsinlər, axı insan daim inkişaf etməlidir.Bu, kino və musiqi aləminin yer aldığı mini ensiklopediyadır. Nostalgiyaya gəldikdə, düz deyirsiniz. Məsələn, Barokko dövrünün musiqisini də çox sevirəm. Keçmiş, hm... Bu hiss daim məni izləyir, kitablarımda da, elə “Qayıtmasam da, gözlə” romanında hadisələrin başladığı məkanın adı da “Keçmişin ətri” idi. Nostalgiya – mən daim keçmiş üçün darıxıram, sanki uzaqlarda, haradasa mücərrəd bir yer üçün burnumun ucu göynəyir.

-Ədəbi tərcümə sahəsində də aktivsiniz. Tərcümə etdiyiniz əsərlər sizi bir yazıçı kimi necə dəyişdirdi və ya zənginləşdirdi?

=Bəli, irihəcmli “Tikanlıqda şərqi deyənlər” əsərini dilimizə tərcümə etdim və oxuculardan tərcümə ilə bağlı hələ ki, yalnız müsbət rəylər almışam, niyə? Çünki mən o əsərə də özümünkü kimi can yandırdım və tərcüməsinə bütün ruhumu qoydum. Mətbuatda çalışdığım dövrlərdə yüzlərlə məqaləni tərcümə etmişəm. Tərcümə işi yazıçının daxili aləmini, bədii düşüncə tərzini dəyişmir, ancaq dildən düzgün istifadə təcrübəsini inkişaf etdirir. Bu da, əlbəttə, müsbət haldır.

-Sizin əsərlərinizdə hadisələrin coğrafiyası son dərəcə genişdir. Bunun səbəbi nədir? Sizcə, ədəbiyyat bir az da milli deyilmi? Hər nə qədər bəşəri mövzulara toxunsa belə Tolstoy son nəticədə bir rus yazıçısıdır...

-Tural bəy, sizə kim deyib ki, yazıçı bir millətə aiddir və o, mənsub olduğu ölkənin coğrafiyasını aşmamalıdır? Bu, incəsənətin bütün sahələrinə aiddir. Siz, Rahmaninovu dinləyəndə onun milliyyətini fikirləşirsiniz? Bəstəkar olmasın, rəssam, yazıçı olsun. Biz sərhədləri aşmaq, dar çərçivələri sökmək, insanları daha geniş düşüncə burulğanına salmaq üçün çalışıb-vuruşuruq. Mən romanlarımda dünyanın xilasına yönəlmiş ideya və şüarlar ötürürəm, coğrafi məkanın nə anlamı var? 2020-ci ildə işıq üzü görən “Qayıtmasam da, gözlə” romanımda əsas hadisələr Azərbaycan, İtaliya, Fransa və İraqda baş verir. Oxucu 320 səhifəlik romanda müasir Azərbaycanla bərabər, qalan üç ölkənin həyatı ilə qiyabi tanış olur. Ölkədaxili proseslərlə yanaşı, Avropada baş tutan terror hadisələri, İraqdakı müharibə, XX əsrin sonlarında Polşa Xalq Respublikasındakı xaos, baş qəhrəmanların sevgisi fonunda ikinci dərəcəli obrazların faciəsi nümayiş olunmaqla, bir oxucu qısaca olaraq dünya tarixi və siyasəti haqda məlumata yiyələnir. Baş qəhrəman olan cərrah Ziya Zamanovun romanın sonunda terrorçu ilə üz-üzə qalarkən avtomatı əlinə almamaq istəyi, ölümlə üz-üzə qalsa da, “Mən heç vaxt sizdən biri olmayacağam. Heç vaxt.” ifadəsi romanın əsas ismarışlarından idi. Belə ki, güclə yalnız müvəqqəti qalibiyyət mümkündür, ancaq o, uzunömürlü olmur.

-2014-cü ildə çap edilən “Ayaqlarım üşüyürdü” hekayələr kitabında da müharibə mövzusuna toxunmuşdunuz.

-Bəli, “Ayaqlarım üşüyürdü” kitabım qısa hekayələrdən ibarətdir, özü kiçikhəcmli kitabdır. Ancaq fikrimcə, oradakı hekayələrin hərəsi böyük bir əsərdir. İstərdim ki, misal üçün “Yeni il qara kürüsüz” (Hadisələr Azərbaycanda cərəyan edir), “Ayaqlarım üşüyürdü” (Hadisələr Almaniyada baş tutur) və ya “Bir dəfə Toskanada” (Azərbaycan və İtaliya) hekayələrinin əsasında qısametrajlı filmlər çəkilsin. Günü bu gün istəsələr, ssenari yazmağa hazıram. “Səni dinlərkən Kabil yadıma düşür” hekayəsi isə müharibə görmüş bir hərbçidən bəhs edir. Qəhrəmanın: “Mən o avtomatlara nifrət edirdim. Mən avtomatlara, əsgərlərim isə mənə nifrət edirdi,” cümləsinin ağrısını, çox güman ki, hərbçilər gözəl anlayar...

-“Vəkil” romanınızda şəxsi dram və siyasi atmosfer bir-birinə qarışır.

-“Vəkil” də qüsursuz hüquqşünas obrazı yaratmışdım. Onu oxuyandan sonra məşhur bir vəkil mənə yazmışdı ki, “Məgər Azərbaycanda belə təmiz vəkillər var?”. Əlbəttə ki, var, az ola bilər, ancaq var. Hər şeyin yaxşısı az olur. Bütün sahələrdə ədalətli olmaq yolunu seçsən, dostdan çox düşmən qazanacaqsan. Bu, əbədi həqiqətdir.

-Romanlarınızın üç hissədən ibarət struktur seçimi – onu klassik axından fərqləndirmək üçünmü idi, yoxsa bu, qəhrəmanların inkişafına xidmət edən bir modeldir?

-Bəli, bütün romanlarım üç hissədən ibarətdir. Bu hadisələrin inkişafı, dönüş nöqtəsi və kulminasiyanın yer aldığı hissələrdir. Bu stilistikanı əvvəldən seçmişəm.

-İndi isə neçə il keçib və “Barışıq” romanınız nəşr edilib. Son illər ərzində dünyada çoxlu müharibələr olub. O, cümlədən xalqımız da “44 günlük” müharibə ilə zəfər qazanıb. Bu illərdə nə dəyişdi?

-“Barışıq”da həm də o dönəmlərdə insanların içindəki həyəcan və ağrı təsvir olunub. Romanda hadisələr 2008-ci ildə başlayır və o dövrdən 2023-cü ilə qədərki zamanı əhatə edir. Hadisələr Azərbaycan və Böyük Britaniya – İngiltərədə cərəyan edir. Oğul Ümid Bəyazov Londonda, ata Raul Bəyazov isə Azərbaycanda yaşayır. Spoyler etməmək üçün ancaq bir şeyi söyləyə bilərəm, bu super cəsarətli əsərdə mən Azərbaycanın siyasi arenadakı haqlı mövqeyini çatdırmaqla yanaşı, vurğunu digər önəmli mənəvi məsələyə yönəltmişəm. Dərinliklərə varmaq istəmirəm, məncə, oxucu əsərlə tanış olduqdan sonra mənimlə razılaşacaq. Baş qəhrəmanın dili ilə desəm: “Unudaq demirəm, yenidən başlayaq deyirəm, bu dəfə yeni qaydalarla. İnsanlıq naminə, barışıq naminə...” Bu əsərdə tək qəhrəmanın yaşamış olduğu qəddar hadisələr deyil, dünyadakı digər münaqişələrə də yer verilib və oxucu digər kitablarımda olduğu kimi, “Barışıq”da da qeyri millətlərin nümayəndələri, onların şəxsi dramları ilə tanış olur. Azərbaycan ədəbiyyatında ilk dəfə ana xətti pasifizmə köklənən bu romanda hər şey var: Həqiqi sevgi, tarixi-siyasi proseslər, bolluca Böyük Britaniya – London səhnələri və böyük düyünlərin açılması üçün çarpışan, qəriblikdə yaşayan bir azərbaycanlının mübarizəsi. Bu əsər bəşəri ideyanın daşıyıcısıdır.

-İlk əsərlərinizdən bu günə qədər hansı emosional və ədəbi transformasiya yaşamışınız?

-Emosional durumum eynidir, mən daim gizli inqilabçı olmuşam. Bu ruhum da yalnız əsərlərimdə əks olunub. Həmişə mənəvi inkişafımı fikirləşmişəm, heç kimi tənqid etməyim, ancaq özüm cəmiyyət - insanlar üçün faydalı bir iş görüm. Bundan sonra da bir yazı insanı kimi, sakitcə əlimdən gələni edəcəm.

Seçilən
4
teleqraf.com

1Mənbələr