Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti və Avropa Boks Konfederasiyasının (EUBC) birinci vitse-prezidenti Umar Kremlyov Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən Avropa çempionatı zamanı azərbaycanlı məşqçi ilə makedoniyalı hakim arasında baş verən insidentlə bağlı açıqlama verib.
Ölkə.Az Caliber.Az-a istinadən xəbər verir ki, Kremlyov məsələ ilə bağlı belə deyib:
“Boks hər zaman emosional idman növü olub və belə də qalacaq. Əgər idmançını açıq şəkildə haqsız yerə uduzdururlarsa, təbii ki, hisslər üstün gələ bilər. Biz nə məşqçini müdafiə edirik, nə də ittiham edirik – bugünkü yanaşma ilə desək, 0 faiz qınama, 100 faiz anlama.
IBA daim təmiz boks, ədalətli hakimlik və idmançı hüquqlarının qorunmasının tərəfdarıdır. Amma nə baş verirsə versin, qaydaları pozmayın – bunun üçün intizam komissiyası var və onlar hər şeyi araşdıracaq. İdman dəyərlərini tanımayanlara bu sahədə yer yoxdur”.
Kremlyov qeyd edib ki, rinqdə ədalətsiz qərarlar verən hakim Stefan Subalevski ömürlük diskvalifikasiya olunub. Azərbaycan yığmasının texniki direktoru Hamza Avezov isə müəyyən müddətə diskvalifikasiya edilib.
Sonda Kremlyov vurğulayıb: “Özünüzü və idmançılarınızı qoruyun, həqiqəti müdafiə edin – çünki güc həqiqətdədir!”
Qeyd edək ki, hakimin cəzalandırılması Azərbaycan Boks Federasiyasının IBA-ya ünvanladığı rəsmi şikayət əsasında baş tutub.