“Qadınlara qarşı ayrı-seçkilik və nifrət kampaniyası aparılır”—Hüquqşünas
“Sosial şəbəkələrdə son dövrlərdə Azərbaycanın konstitusiya dəyərləri açıq şəkildə təhdid edilir. Qadınlara qarşı açıq şəkildə ayrı-seçkilik və nifrət kampaniyası aparılır”.
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Şamil Paşayev deyib. O bildirib ki, bu fikirlər təkcə bir insanın şəxsi fikri və ifadə azadlığı kimi dəyərləndirilməməlidir:
“Son bir ildə 5-10 şəxsdən biz bu fikirləri eşidirik. Boşanmış qadınlar əxlaqsızdır fikirləri yayılır, qadınların işləməsinə, ictimai fəaliyyətinə qarşı düşmən mövqe göstərilir. Guya qadın işləməməlidir, onlar evdə olanda, ərinə baxanda daha xoşbəxt olurlar. Boşanmış qadına aliment verilməməlidir, qadın-kişi münasibətlərində qadın özünü kişiyə təslim etməlidir kimi fikirlər səsləndirilir. Hansı ki, bu fikirlərdə qadın 2-ci növ kimi təqdim edir”.
Hüquqşünas qeyd edib ki, bu şəxslərin çağırışları cəmiyyət üçün təhlükəlidir:
“Bu tip çağırışlar şəxsi mövqe olmaqdan çıxır, qadınlara qarşı nifrət və düşmənçilik hisslərini körükləyir. Bununla bağlı Cinayət Məcəlləsində də qeyd olunur ki, milli, irqi, sosial və dini ədavət yaratmağa yönəlmiş hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Qadınlara qarşı olan bu ayrı-seçkilik də sosial düşmənçilik formasıdır. Hüquq-mühafizə orqanları və Audiovizual Şura hələki bunlarla bağlı tədbir görməyib, amma bu o demək deyil ki, görməyəcək. Əgər şikayətlər olsa, qadınlar, qadın təşkilatları şikayət etsə, tədbir görülər.
Bu şəxslər qadınlarla bağlı əsassız, neqativ, heç bir ciddi statistikaya söykənməyən fikirlərlə cəmiyyəti manipulyasiya edirlər”.
Cavidan Mirzəzadə
Demokrat.az