"ABŞ və Avropa ölkələri təkcə neft və qaz deyil, digər məhsullar üzrə Rusiyadan genişmiqyaslı idxalı davam etdirir..."
Hindistan ABŞ prezidenti Donald Trampın sərt təhdidlərinə baxmayaraq, Rusiya neftindən imtina etməyəcəyini açıq şəkildə bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə baş nazir Narendra Modi bəyan edib. Məlumatı "bloomberg.org" nəşri yayıb.
Hindistanın baş naziri Narendra Modi və Xarici İşlər Nazirliyinin ard-arda verdikləri mesajlarla ölkənin milli maraqlarına sadiq qalacağını və qərarlarını kənar təzyiqlərlə deyil, daxili ehtiyaclara əsasən verəcəyini bildirib.
"Yalnız hind məhsulu alın!"
Uttar-Pradeş ştatında keçirilən mitinqdə çıxış edən Narendra Modi dünya iqtisadiyyatında hökm sürən qeyri-müəyyənlik və risklər fonunda xalqı milli istehsala dəstək verməyə çağırıb. O, bildirib ki, ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün hind xalqı yalnız yerli məhsulları seçməlidir. Eyni zamanda Modi ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiya neftinin idxalının dayandırılması ilə bağlı heç bir göstəriş verilmədiyini vurğulayıb. Hökumət bu məsələni kommersiya çərçivəsində müəssisələrin ixtiyarına buraxıb.
"Qərb özü Rusiya ilə ticarəti davam etdirir"
Hindistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə Tramp administrasiyasının ikili standartları sərt şəkildə tənqid edilib. Bildirilib ki, Hindistan yalnız enerji qiymətlərini sabit saxlamaq üçün Rusiya neftinə müraciət edib. Halbuki ABŞ və Avropa ölkələri təkcə neft və qaz deyil, gübrələr, minerallar, avadanlıqlar və digər məhsullar üzrə Rusiyadan genişmiqyaslı idxalı davam etdirir.
Statistikaya əsasən, 2024-cü ildə Avropa İttifaqı ilə Rusiya arasında ticarət dövriyyəsi 67,5 milyard avroya çatıb. Üstəlik, Avropa Rusiya qazının idxalında da yeni rekordlar müəyyən edib. ABŞ isə hələ də Rusiya istehsalı olan nüvə sənayesi üçün lazım olan uran birləşmələri və digər xammalları alır.
Ultimatum, sanksiya və tarif hədələri
Donald Tramp Hindistana qarşı 25 faizik tarif tətbiq edib və əlavə sanksiyalarla hədələyib. O, Rusiya ilə enerji ticarəti davam edən təqdirdə, bu tariflərin 100 faizədək yüksələcəyini istisna etmir. Trampın açıqlamasına görə, məqsəd Rusiyanı Ukraynaya qarşı hərbi əməliyyatlarını dayandırmağa məcbur etməkdir.
Bu məqsədlə ABŞ prezidenti 50 günlük möhlət təyin edib, lakin sonradan bunu 10 günə qədər azaldıb - yeni sanksiya dalğası artıq avqustun 8-də işə düşə bilər. Bu sanksiyalar yalnız Hindistanı deyil, Çini və Braziliyanı da əhatə edə bilər. Lakin Çin artıq bildirib ki, milli maraqları naminə Rusiya ilə enerji ticarətini davam etdirəcək.
Yeni Dehli təslim olmur
Bütün bu təzyiqlərə baxmayaraq, Hindistan öz mövqeyində qətiyyətlidir. Rusiya ilə ticarəti milli maraq və iqtisadi təhlükəsizlik çərçivəsində davam etdirməyə qərarlıdır. ABŞ-ın təhdidlərinə qarşı sərt cavablar isə göstərir ki, Yeni Dehli daha əvvəlki kimi susmayacaq - Hindistan, xüsusilə Tramp dövründə öz sözünü açıq və cəsarətlə deyən gücə çevrilməkdədir.