AZ

Yaponiya və ABŞ genişmiqyaslı birgə hərbi təlimlərə hazırlaşır

Yaponiya Silahlı Qüvvələri gələn ay ABŞ-ın Dəniz Piyadaları Korpusu ilə birlikdə genişmiqyaslı birgə hərbi təlimlər keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Qətiyyətli Əjdaha" (Resolute Dragon) adlanan manevrlər sentyabrın 11-dən 25-dək Yaponiyanın müxtəlif bölgələrində baş tutacaq.

Təlimlər zamanı əsas diqqət Okinavanın cənub prefekturasının adaları, cənub-qərbdəki Kyuşu adası və Rusiyaya yaxın yerləşən Hokkaydo adası üzərində cəmlənəcək.

Yaponiya ordusunun məlumatına görə, təlimlərə 12 min Yapon hərbçisi, 1900 ABŞ dəniz piyadası və digər Amerika hərbi personalı cəlb olunacaq.

Manevrlər zamanı canlı atışlarla raket sistemlərinin istifadəsi də nəzərdə tutulur.

Xüsusi olaraq, Tayvanın yaxınlığında yerləşən İşigaki adasındakı poliqonda ABŞ-ın ən yeni mobil sahil raket sistemləri – NMESIS-dən istifadə olunacaq. Hər bir qurğu 185 km mənzilli dörd raketlə təchiz edilib.

Qeyd edək ki, NMESIS sistemləri ABŞ Dəniz Piyadaları Korpusunun ən son və strateji silah arsenalının əsas hissəsi sayılır.

Bu təlimlərin Çin və Rusiya ilə geosiyasi gərginliklərin fonunda keçirilməsi xüsusi diqqət çəkir.

Seçilən
18
1
operativmm.az

2Mənbələr