AZ

Minsk qrupu bu il ləğv ediləcək?

Bu il beynəlxalq diplomatiya tarixində mühüm bir sənədin - Helsinki Yekun Aktının 50 illiyi tamam olur. Avropada təhlükəsizlik və əməkdaşlığın əsas çərçivəsini müəyyən edən bu sənəd illərdir müxtəlif münaqişələrə yanaşmada istinad nöqtəsi hesab edilsə də, reallıqda bəzən ikili standartların alətinə çevrilib.

Xüsusilə Azərbaycanla bağlı məsələlərdə bu prinsiplərin selektiv tətbiqi ciddi suallar doğurur. Elə bu kontekstdə ATƏT-in fəaliyyətsiz Minsk Qrupu ilə bağlı taleyinin də artıq rəsmiləşdirilməsi zərurəti meydana çıxır.

“Bu il Helsinki Yekun aktının 50 ili tamam olması ilə yanaşı, eyni zamanda Finlandiya da bu il ATƏT-in fəaliyyətdə olan sədridir”.

Bunu Milli Məclisin deputatı Nigar Məmmədova Modern.az-a açıqlamasında deyib.

O bildirib ki, Helsinki aktında 10 əsas prinsip yer alır. Suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, xalqların öz müqəddəratını təyin etmək və s.

“Təəssüflər olsun ki, 30 illik işğal dövründə Azərbaycana qarşı bu prinsiplərin hər biri kobud şəkildə pozuldu. Qarabağ münaqişəsinin həlli məqsədilə mandat alan ATƏT-in Minsk Qrupunun həmsədrləri bu prinsiplərin pozulmasının qarşısını almaq üçün nəinki addım atmadı, əksinə bəzən fəaliyyətsizliklə, əksər hallarda da işğalçıya və separatçılığa açıq dəstək verməklə regionda “status-kvo”nun qorunub saxlanmasına şərait yaratdı. Helsinki Yekun Aktında nəzərdə tutulan xalqların öz müqəddəratını təyinetmə prinsipinin ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməsinə göz yumuldu. Azərbaycan  isə 30 ilə yaxın həm işğalla, həm də beynəlxalq səviyyədə ikili standartlarla mübarizə aparıb. Nəhayət 2020-ci ildə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa etdi”.

Millət vəkili onu da əlavə edib ki, yarıtmaz Minsk Qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur.

“Bu, rəsmi Bakının yekun sülh sazişi ilə bağlı iki əsas şərtindən biridir-ATƏT-in Minsk Qrupu ləğv edilməlidir. Bir daha yada salaq ki, Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul olunub, 1994-cü ildə isə həmsədrlik institutu təsis edilib”.

N.Məmmədova həmçinin qeyd edib ki, 44 günlük müharibədən sonra Qrup de-fakto fəaliyyətsizdir:

“Yəni, nəzərə alsaq ki, Minsk Qrupu öz konstitusiyası və ya müqaviləsi olan hüquqi cəhətdən yaradılmış qurum deyil. Bu, ATƏT tərəfindən yaradılmış vasitəçilik formatıdır.

Belə olan halda Qarabağ münaqişəsi yoxdursa, Minsk Qrupu da olmamalıdır. Hesab edirəm ki, ATƏT-in illik toplantısında bu məsələ artıq həllini tapmalı, Minsk Qrupunun de-yure ləğvi təsdiqlənməlidir. Belə ki, konsensusa əsaslanan qətnamə və ya rəsmi bəyannamə ilə qrupun fəaliyyətinə xitam verməklə prosesi yekunlaşdırmaq mümkündür”.

Seçilən
4
1
modern.az

2Mənbələr