Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanlı məktəblilər Beynəlxalq Riyaziyyat Olimpiadasında sıfır hesabı ilə uduzdular. Avstraliyadan əli boş döndülər. Hamı da elm və təhsil nazirini ağ yuyub qara sərdi.
Amma əslində əsas günah yəqin repetitorlardadır. Axı uşaqlar nə öyrənirsə, məktəbdə deyil, repetitor yanında öyrənir. Hərçənd repetitorlar da elə həmin məktəblərdəki həmin müəllimlərdir
Sadəcə, məktəbdə dövlət büdcəsindən aldığı maaşa "uyğun" dərs deyir, amma repetitor kimi biznes marağını üstün tutur.
Məktəbdə müəllimdir, kənarda biznesmen. Repetitor məktəbə müəllim kimi dərs deyib pul qazanmağa deyil, şagirdlər (valideynlər) arasından müştəri tutmağa gedir.
Valideyn demişkən, kənd yerində böyümüşük, xoşbəxtlikdən bizim ailəmizdə olmayıb, ancaq başqa ata-anaların uşaqlara dediyi bu sözləri eşitmişik: "Guya oxuyub alim olacaqsan?! Get, qoyun otar, ot yığ, bağı suvar" və sair. Yaxud bəzi böyüklər deyirdi: "Az oxu, bala, oxumaqdan gözlərin kor olacaq".
Anlamırdılar ki, oxumayan da başqa cür kor olur.
"Əşşi, filankəs oxuyub, barmağı bala batıb?! İşsiz-gücsüz qalıb, küncdə-bucaqda it döyür". Belə deyənlər də olurdu. Ya da oxuyanı da həvəsdən bu cür də salırdılar: "Onsuz da puluna minnətdir, pulunu verib, instituta (universitetə) qoyarıq. Hamı gedib ali məktəbə girir, mənimki kmdən əskikdir?!"
Daha düşünmürdülər ki, əsas məsələ ali məktəbə girmək deyil, ordan necə çıxmaqdır. Bizim dövrümüzdə böyüklər çox zaman istəyirdi, uşağının diplomu olsun, onu necə almaq deyil, neçəyə almaq önəmli idi. Yəni uşağın sənədi olsum, sənəti olmasa da olar.
İndi də çox şey dəyişməyib. Çox yerdə köhnə hamam, köhnə tasdır. O vaxtkı əlaçılar indi yeməyə çörək tapa bilməyəndə, onlardan köçürən savadsızlar şəhərdə obyektləri, evləri cüt-cüt alır.
Bilirsiniz, əgər Ermənistan məktəbliləri üç medalla, bizimkilər medalsız qayıdıbsa, deməli, burda məktəb də, cəmiyyət də, ailə də təqsirkardır. Biz uşaqlarımızın bazar səviyyəsində riyaziyyatla kifayətlənməsini istəyirik. Hamının hüququ oxuyub, polis, prokuror olmaq istədiyi yerdə, nə riyaziyyat?! Məhkəmədə hakimin çantasını daşıyan riyaziyyatın professorundan yaxşı dolanırsa, hansı Olimpiadadan danışırıq biz?!
Biz özümüzə məğlub olmuşuq, öz yanlış yanaşmalarımıza uduzmuşuq, Çinliyə, Koreyalıya, farsa, erməniyə deyil.
Yeri gəlmişkən, İranla Türkiyənin nəticələri eyni olub. Azərbaycan isə yekə bir "heç nə" qazanıb...
Seyid Əhmədli, bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.