BAKI, 5 avqust. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın ultimatumuna məhəl qoymayacaq və yeni sanksiya təhdidlərinə baxmayaraq, Ukraynaya qarşı müharibəsini davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələr “Reuters” agentliyinə bildiriblər.
Agentliyin həmsöhbətlərindən biri deyib ki, Putin ABŞ rəhbərliyi ilə münasibətlərin yenidən pisləşməsindən narahatdır. Kreml sahibi hələ də ümid edir ki, Rusiya yenidən ABŞ üçün dost ölkəyə çevrilə və Qərblə ticarəti bərpa edə biləcək.
Həmçinin, Rusiya ordusu cəbhədə irəlilədiyi və Ukraynanın vəziyyətin ağır olduğu üçün Putin müharibəni dayandırmaq istəmir. Mənbənin sözlərinə görə, əgər Putin indi dayansaydı, nə rus xalqı, nə də rus ordusu onu başa düşərdi.
“Reuters”in həmsöhbəti bildirib ki, Rusiya Baş Qərargahı Putini iki-üç aya Ukrayna cəbhəsinin dağılacağına inandırıb.
Agentliyin ikinci mənbəsi qeyd edib ki, Kreml sahibi Trampla münasibətlərini yüksək qiymətləndirir və onu qəzəbləndirmək istəmir, amma Ukraynaya qarşı müharibə Putinin əsas prioritetidir, ona görə də müharibəni ABŞ prezidenti istədiyi üçün dayandıra bilməz.
Kremlə yaxın bir başqa mənbə söyləyib ki, Rusiyanın məqsədi Ukraynanın dörd bölgəsini – Luqansk, Xerson, Donetsk və Zaporojyeni tam şəkildə ələ keçirməkdir. Bu məqsədə çatmayana qədər Moskva müharibəni dayandırmaqda heç bir məntiq görmür.
Mənbələrdən birinə görə, Kreml də Trampın öz ultimatumunu həyata keçirəcəyinə şübhə edir: “Əvvəllər də hədələmişdi, sonra isə ya heç nə eləmədi, ya da fikrini dəyişdi”.
Bundan əlavə, Moskva Çinin Trampın göstərişi ilə Rusiyadan neft alışını dayandıracağını təsəvvür belə eləmir.
Mənbə onu da bildirib ki, Putinin ABŞ-nin martda verdiyi təklifə marağı tədricən itirir. Həmin təklifə əsasən. Vaşinqton Ukraynada tam atəşkəs müqabilində Rusiyaya qarşı sanksiyaları ləğv etməli və Krımı de-yure, işğal olunmuş digər əraziləri isə de-fakto “Rusiya ərazisi” kimi tanımalı idi. Mənbənin fikrincə, bu, fantastik şans idi, amma məlum olur ki, müharibəni dayandırmaq onu başlamaqdan qat-qat çətin imiş.
Qeyd edək ki, Donald Trampın Ukrayna ilə razılaşma əldə etmək üçün Vladimir Putinə verdiyi 10 günlük müddət avqustun 8-də başa çatır.