AZ

Danimarka NATO çərçivəsində Ukraynaya hərbi dəstəyini gücləndirir

Danimarka hökuməti İsveç və Norveçlə birlikdə ABŞ-dan Ukraynaya tələb olunan silahların, o cümlədən “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi üçün raketlərin maliyyələşdirilməsini nəzərdə tutan NATO təşəbbüsünü dəstəkləyir.

“Poliqon” Danimarka Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rəsmi Kopenhagen bu təşəbbüsə ilkin mərhələdə təxminən 580 milyon DKK (təxminən 84 milyon ABŞ dolları) ayırmaq qərarına gəlib.

ABŞ və NATO birgə şəkildə Ukraynaya tələb olunan silahların NATO müttəfiqləri tərəfindən maliyyələşdirilməsinə dair yeni “Prioritized Ukraine Requirement List” (PURL) təşəbbüsünü elan ediblər. Bu təşəbbüs Ukrayna və NATO ilə əməkdaşlıq əsasında tərtib olunmuş və sürətli çatdırılma üçün nəzərdə tutulmuş bir sıra silah paketlərindən ibarətdir.

“NATO çərçivəsində ABŞ silahlarının Ukraynaya verilməsini nəzərdə tutan bu yeni təşəbbüs Rusiya tərəfindən həyata keçirilən tammiqyaslı işğala qarşı Ukraynanın müdafiə mübarizəsində mühüm rol oynayacaq. Ukrayna xüsusilə Rusiya hava hücumları qarşısında ciddi təzyiq altındadır və təcili olaraq əlavə hərbi dəstəyə ehtiyac duyur. ABŞ silahlarının təkrar tədarükü üçün imkanların açılması müsbət haldır. Danimarka müharibənin ilk günündən Ukraynanın yanında olub və bu yoldan dönməyəcəyik”, – deyə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen açıqlamasında bildirib.

Nazir əlavə edib ki, Norveç və İsveçlə birlikdə Danimarkanın ilk maliyyə dəstəyi təxminən 500 milyon ABŞ dolları dəyərindəki ilk silah paketinin maliyyələşdirilməsinə yönələcək. Bu paketdə əsasən, ABŞ istehsalı hava hücumundan müdafiə və artilleriya sistemlərinin alınması planlaşdırılır.

Seçilən
10
poliqon.az

1Mənbələr