London, 5 avqust, AZƏRTAC
Böyük Britaniya ilə Fransa arasında əldə olunan yeni razılaşmaya əsasən, yaxın günlərdə kiçik qayıqlarla ölkəyə daxil olan bəzi miqrantların Fransaya geri qaytarılmasına başlanacaq.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yeni sazişə əsasən, Fransa Böyük Britaniyaya kiçik qayıqlarla gələn sənədsiz şəxsləri geri qəbul etməyə razılıq verib. Əvəzində isə Britaniya ölkədə ailə əlaqələri olan qanuni sığınacaq axtaran müəyyən sayda şəxsi qəbul edəcək.
2025-ci il ərzində indiyədək 25 mindən çox miqrant kiçik qayıqlarla Britaniyaya gəlib. Baş nazir Kir Starmer insan alveri ilə məşğul olan cinayətkar dəstələri məhv edəcəyinə söz verib və qeyri-qanuni miqrasiyanın qarşısını almağı əsas prioritetlərindən biri elan edib.
Qeyd edək ki, ötən il seçkilərdə inamlı qələbə qazanan K.Starmerin reytinqi son aylarda aşağı düşüb. Onun miqrasiya məsələsində daha sərt tədbirlər görməsi üçün Reform UK partiyasının lideri Naycel Faraj tərəfindən ictimai təzyiqlər artırılır. Hazırda N.Farajın partiyası ölkədə keçirilən ictimai rəy sorğularında üstünlük əldə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London