ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səadət MƏNƏFOVA
Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin mütəxəssisi
Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biri də Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadədir. O, bədii və elmi yaradıcılığı, ictimai fəaliyyəti ilə yaddaşlara həkk olunmuş, fəaliyyəti ilə dərin izlər buraxmış nəhəng söz ustadı kimi tarixdə mühüm yer tutur. B.Vahabzadə ürəyi daim Vətən sevgisi ilə döyünən, qapısı hər zaman xalqının üzünə açıq, insanların güvən, ümid yeri, elinin-obasının ağsaqqalı idi.
Onun haqqında yazmaq, fikir yürütmək çox çətindir, şübhəsiz ki, yaradıcılığı bir məqaləyə, hətta dissertasiyaya sığmaz qədər zəngindir, çoxşaxəlidir. Şairin yaratdığı çox sayda dərin mənalı, geniş məzmunlu əsərlərindən misralar bu gün də aforizmlərə çevrilərək xalq arasında işlənməkdədir.
Yaratdığı bədii əsərlərdən əlavə, B.Vahabzadənin bir tədqiqatçı-alim kimi də Azərbaycan elminin inkişafında müstəsna xidmətləri vardır. Azərbaycan dilinin saflığının, təmizliyinin qorunması və zənginləşməsi uğrunda mübarizə onun yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil edir. Müasir Azərbaycan dilini qoruyan və inkişaf etdirən ən parlaq simalarından biri kimi B.Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində də mühüm rol oynayıb. Azərbaycanın qədim dövrlərdən bəri müxtəlif tarixi mərhələlərdə başına gəlmiş hadisələr, böyük şəxsiyyətlərin həyat və fəaliyyət yolu ustad sənətkarın diqqət mərkəzində dayanırdı. Onun yaradıcılığı istər indiki, istərsə də gələcək nəsillərə bir xəzinədir, Həyat dərsliyidir.
Onun yaradıcılığının doğmalığını, gözəlliyini, fəlsəfi-poetik dərinliyini çatdırmaq məqsədi ilə şairin müəllifi olduğu "Şəkim" şeirini nümunə göstərmək istərdim. Niyə məhz "Şəki" şeiri? Bunun qısa bir tarixçəsi vardır və məhz bu baxımdan həmin şeir diqqətimi cəlb etdi. Ali məktəblərdən birində tələbələrlə görüş zamanı Bəxtiyar Vahabzadəyə belə bir sual ünvanlayırlar: "Özünüz şəkili olduğunuz halda nə üçün hələ Şəkiyə bir şeir həsr etməmisiniz?" Bu görüşdən sonra Bəxtiyar müəllim, ona ünvanlanan suala cavab olaraq, doğulduğu torpağa bu şeiri həsr edib. Şeirdən bir parçaya diqqət yetirək:
...Mən sənə borcluyam öz balan kimi.
Çox da ki şerimdə görünmür adın,
Mənim oxuduğum nəğmələrimi
Mənim qulağıma sən pıçıldadın...
Həqiqətən o, öz Vətəninə, el-obasına çox bağlı bir insan olmuş, hətta özü həyatda ikən ata-baba yurdunu kiçik həmyerlilərinə, uşaq bağçası üçün hədiyyə etmişdi. Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı, sonradan uşaq bağçası kimi fəaliyyət göstərən evi artıq xatirə muzeyidir. Muzey şairin irsinin dərindən öyrənilməsini həyata keçirən, onun həyat və yaradıcılığına aid olan materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat mərkəzidir.
Sənətkarın yaradıcılığı ilə dərindən tanış olarkən onun yaratdığı əsərlərin çoxşaxəli, zəngin, parlaq və təsirli cəhətlərini bir daha dərk edirik. Ustadın yaradıcılığı Vətən motivlərindən başlayaraq ana, sevgi-məhəbbət, dostluq, sədaqət, mərhəmət və digər yüksək insani duyğuları, gözəl təbiət boyalarını əhatə edir. Bu mənada ustadın yaradıcılığı bütövlükdə insanlıq üçün nümunədir, mirasdır və yüksək qürur hissi ilə deyə bilərik ki, bütün türk dünyasına çox qiymətli töhfədir. Şair öz əsərlərində insan övladının doğulandan ölənə qədər yaşadığı bütün məqamlarda yaranan suallara sanki bir etalon cavablar əks etdirib.
Özü 2009-cu ildə dünyasını dəyişsə də, onun yaradıcılığı bu gün də baş verən həyati hadisələri anlamağa kömək edir, elə hiss yaranır ki, şair sanki yenə həyatdadır, yaşayıb-yaradır. Çünki onun əsərlərində toxunulan mövzular bu gün də aktualdır. Hələ 60-cı illərin əvvəllərində, müəllifi olduğu "Gülüstan" poemasının onun həyatına və fəaliyyətinə çox böyük maneələr yaradacağını bildiyi halda bu əsəri qələmə alıb dərc etdirmişdi:
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın...
Sözsüz ki, əsərin məzmunu o zamanlar SSR-inin tabeliyində olan bir respublikada yaşayıb-yaradan şairin taleyinə təsir etməyə bilməzdi. Bu baxımdan, onun taleyində önəmli rolu olan Ümummilli lider Heydər Əliyev Bəxtiyar Vahabzadə yaradıcılığını yüksək qiymətləndirir və şairin şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər çıxışlarının birində B.Vahabzadə haqqında demişdi: "O, millətini sevirdi, millətin qayğıları haqqında şeirlər yazırdı. "Gülüstan" poemasını yazmışdı, ondan ötrü o zaman onu həbs eləmək məsələsini qoymuşdular".
Müstəqil Azərbaycan dövləti B.Vahabzadənin ədəbi fəaliyyətinə, şəxsiyyətinə hər zaman hörmət və rəğbət bəsləyib, ədibin yaradıcılığı hər zaman dövlət tərəfindən yüksək dəyərləndirilib. Böyük şairin 2015-ci ildə 90 illiyinin qeyd olunması, 2025-ci il avqust ayında isə 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncamlar imzalayıb.
B.Vahabzadə öz əsərləri və çıxışları ilə Turançılıq, Türk dünyasının birliyi ideyasını daim geniş təbliğ edən bir ədəbi şəxsiyyət, fəal ziyalı idi. İnanırıq ki, indi onun ruhu bu məsələ ilə bağlı da şaddır. Çünki Azərbaycan böyük Türk dünyasının, Turan ailəsinin layiqli, qüdrətli üzvüdür və bu birlik müstəqil dövlətimizin Prezidenti cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində ardıcıl inkişaf edir. Ölkəmizin qüdrətli rəhbərinin: "Bizim ailəmiz türk dünyasıdır" kəlamı ilə B.Vahabzadənin "Mən türkəm" adlı şeiri ruhən bir-biri ilə sıx surətdə səsləşir:
Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Şairin az qala 70 ili əhatə edən zəngin yaradıcılığına nəzər salsaq, 40-a yaxın şeir kitabı, dram əsərləri, elmi işlərinin daim müstəqillik, milli-azadlıq uğrunda mübarizə meydanına çevrilən Azərbaycanda xalqın milli şüurunun güclənməsinə təkan verdiyini, misilsiz xidmət göstərdiyini aydın görmək olar.
Böyük şairin imzasını biz 44 günlük müharibədən sonrakı Şanlı Zəfər Paradında Azərbaycan Prezidenti, adı tarixə qızıl hərflərlə yazılmış Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ilə yanaşı dayanan Türkiyə Respublikasının rəhbəri cənab Rəcəb Tayyib Ərdoğanın dilindən bir daha eşitdik. R.T.Ərdoğan öz çıxışında Bəxtiyar Vahabzadənin şeirindən misraları Azərbaycan türkcəsində söylədi və bununla düşmənə təsirli şəkildə səsləndi:
Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.
Bəxtiyar Vahabzadənin Vətəninə, xalqına xidmətləri saymaqla bitməz. Şairin istənilən bir misrasını eşidən hər azərbaycanlı, kimliyindən asılı olmayaraq, onun işıqlı sözlərinin öz şəxsinə, taleyinə də aid olduğunu hiss edə bilər. Nümunə üçün bildirək ki, şairin "Anamın ölümünə" əsərini oxuyan və ya dinləyən zaman insan bu əsəri özünə aid edərək şəxsi hisslərini daha güclü şəkildə yaşayır, hərə öz anası üçün ağlayır. Ustad şairin böyük ürək ağrısı ilə yaratdığı "Anamın ölümünə" əsərindən bir neçə bəndə diqqət yetirək:
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən...
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarını
Mən sənə qaytarım cənazəndəmi?
"Yuxun şirin olsun" - deyərdin mənə,
"Yuxun şirin olsun" - deyimmi sənə?
Gərək mən başına dönəm-dolanam,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Anam, heç kəs səni incitməmişdir
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
"Nənəm hanı?" - deyir körpə Azərin,
Mən nə cavab verim ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir,
Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
Bəxtiyar Vahabzadənin yaradıcılığında yüzlərlə əsərlər vardır ki, onlar köhnəlmir, əksinə, illər keçdikcə ruhən yenilənir və hər bir insan bu əsərlərin təsirinə düşərək paklaşır.
Vətənimizdə olduğu kimi, qardaş ölkələrdə də Bəxtiyar Vahabzadə yaradıcılığına yüksək qiymət verilir. Misal üçün, Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial elmlər liseyi fəaliyyət göstərir. Bu liseyin məzunları sonra Türkiyənin və ümumilikdə dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Elə təkcə bu faktın timsalında da inamla söyləmək olar ki, B.Vahabzadə şəxsiyyəti unudulmaz, onun yaradıcılığı əbədiyaşardır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.