Hazırda Azərbaycanda 32 avtovağzal və 15 avtostansiya fəaliyyət göstərir. Onların sayının artırılması istiqamətində işlər görülür.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Qeyd edilib ki, bu ilin mayında Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub:
"Həmçinin, Xankəndi şəhərində avtovağzalın, Şuşa, Cəbrayıl, Laçın, Kəlbəcər, Füzuli şəhərlərində avtostansiyaların tikintisi planlaşdırılır. Yardımlı, Lerik rayonlarında isə tikintisi planlaşdırılan avtostansiyaların yerləri müəyyən olunub".
Bildirilib ki, regionlardakı avtovağzal və avtostansiyaların texnoloji iş prosesinə nəzarət AYNA tərəfindən həyata keçirilir:
"Avtovağzal və avtostansiyalarda xidmət keyfiyyətinin artırılması istiqamətində müvafiq işlər görülür. Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə avtovağzal və avtostansiyalar mərhələli qaydada “biletim.az” portalına inteqrasiya olunur.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 337,321 bilet əldə edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur. Bu da onun bariz göstəricisidir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır.
“Biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet satışı sistemi bütün avtovağzalları əhatə edəcək.
Xatırladaq ki, mülki növündən və tabeliyindən asılı olmayaraq avtovağzallara və avtostansiyalara dair tələblər Nazirlər Kabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilə təsdiqlənən “Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə” ilə müəyyən edilir".