ABŞ dövlət katibi Marko Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə danışıqlar aparıb.
Bu barədə ABŞ Dövlət Departamentinə məlumat verib.
Tərəflər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını, Qəzzadakı humanitar vəziyyəti, Rusiya- Ukrayna münaqişəsinə son qoyulması istiqamətində səyləri və digər məsələləri müzakirə ediblər.
"Azərbaycan-Ermənistan sülh gündəminin qabardılması ABŞ və Fransanın regionda vasitəçilik rolunu möhkəmləndirmək niyyətini ortaya qoyur" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"ABŞ dövlət katibi Marko Rubionun Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə apardığı danışıqlar qlobal güclərin Cənubi Qafqaz və Yaxın Şərqdəki proseslərə artan marağını göstərir. Görüşdə Azərbaycan-Ermənistan sülh gündəminin qabardılması ABŞ və Fransanın regionda vasitəçilik rolunu möhkəmləndirmək niyyətini ortaya qoyur. Bu, həm də Avropa İttifaqı və Vaşinqtonun Moskva və Tehrana qarşı daha da aktivləşdiyini göstərir. Qəzza ilə bağlı humanitar vəziyyətin gündəmə gəlməsi Vaşinqtonun İsraili dəstəkləməklə yanaşı müəyyən dərəcədə balans yaratmaq istəyini əks etdirə bilər. ABŞ tərəfi bu yolla həm ərəb dünyasında imicini qorumağa, həm də Fransa ilə koordinasiyanı gücləndirməyə çalışır. Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr isə tərəflərin bu məsələdə strateji koordinasiyasını saxladığını göstərir. Fransa xüsusilə diplomatik platformalarda Rusiyaya təzyiqin artırılmasında fəaldır. Bu səbəbdən görüş həm də NATO daxilində mövqelərin sinxronlaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan-Ermənistan münaqişəsi kontekstində Fransanın mövqeyi daha çox Ermənistanyönlü olsa da, ABŞ hər iki tərəflə işləməyə çalışır. Bu balanssızlıq tərəflərin vasitəçilərə olan inamına da təsir edir. Lakin Vaşinqton bu tip görüşlərlə Fransanı daha neytral xəttə çəkməyə cəhd edir. Eyni zamanda bu danışıqlar ABŞ-ın sülh müqaviləsi ilə bağlı irəliləyişləri sürətləndirmək istədiyindən xəbər verir. Müzakirələr Qərbin regionda daha koordinasiyalı hərəkət etməyə başladığını göstərir. Bu isə Rusiyanın bölgədəki nüfuzunun zəifləməsi baxımından mühüm siqnaldır. Nəticə etibarilə, görüş strateji koordinasiyanın gücləndirilməsi, regional sülh gündəminin dəstəklənməsi və geosiyasi balansın yenidən qurulması üçün bir platforma rolunu oynayır".