ain.az, Metbuat portalına istinadən məlumat yayır.
Avstraliyada keçirilən və 110 ölkənin iştirak etdiyi 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan komandası bu il medal qazana bilməyib.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov Metbuat.az-a açıqlamasında bu nəticənin səbəbləri və gələcək prespektivlər barədə ətraflı danışıb.
Ekspert bildirib ki, Azərbaycan bu nüfuzlu elmi yarışda 1993-cü ildən iştirak edir və indiyədək 10 gümüş, 45 bürünc medal və 71 həvəsləndirici mükafat qazanıb. Adətən hər il ən azı bir və ya iki medal əldə edilirdi, bu il isə nəticə fərqli olub:
“Bu dəfə medal qazanmamağımız müəyyən obyektiv səbəblərlə bağlıdır. İlk dəfə olaraq olimpiadada süni intellektə dair elementlərə toxunan suallar yer almışdı. Bu yenilik şagirdlər üçün gözlənilməz oldu və nəticələrə təsir göstərdi. Lakin iştirakçılardan biri Rəfiqə Qəmbərova iki suala tam cavab verib, bir sualdan isə bir bal alıb. Rəfiqə sadəcə bir bal fərqlə bürünc medalı qaçırdı. Bu, texniki baxımdan böyük fərq deyil, lakin nəticədə medal sıralamasına təsir edir. Bunu şanssızlıq kimi qiymətləndirirəm. Komandadakı dörd nəfər həvəsləndirici mükafata layiq görülüb. Lakin medal olmaması səbəbindən bu nəticələr geniş diqqət çəkməyib. İctimaiyyət medal olmayanda digər uğurları çox vaxt görmür. Halbuki həvəsləndirici mükafatlar da şagirdlərin zəhmətinə verilən qiymətdir və onları motivasiya etmək üçün vacibdir".
Olimpiada hazırlıqlarının geniş dəstəyə ehtiyac duyduğunu vurğulayan Süleymanov, media və ictimaiyyətin bu sahəyə daha yaxından cəlb edilməsini zəruri sayır:
“İştirakçılar mediada daha çox tanıdılmalı, onların nəticələri təbliğ olunmalıdır. Bu, həm mövcud komandanı, həm də gələcək namizədləri motivasiya edər. Türkiyə komandasını uzun illərdir azərbaycanlı alim Bilkənt Universitetinin professoru Azər Kərimov hazırlayır və onun rəhbərliyi ilə komanda 10-dan çox qızıl medal əldə edib. Bu fakt göstərir ki, Azərbaycan gəncləri də qızıl medal səviyyəsinə çatmaq potensialına malikdir. Sadəcə, onlara düzgün istiqamət və dəstək lazımdır".
Sonda Elçin Süleymanov xatırladıb ki, Azərbaycan indiyədək Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanmayıb, lakin buna yaxın nəticələr olub. Ard-arda iki il gümüş medal qazanan iştirakçılarımız da var:
“Bu il nəticə qaneedici olmasa da, komandamızda gələcəkdə iştirak hüququ olan şagirdlər var. Ümid edirəm ki, növbəti il daha ciddi hazırlıqla uğur qazanacağıq", - deyə o əlavə edib.
Ülkər Cəlilzadə / Metbuat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.